PDF Oxu

Sosial

  • 57

Badamdarda yeni "Abad məhəllə" istifadəyə verildi

Badamdarda yeni "Abad məhəllə" istifadəyə verildi

Ölkə başçısı Cənab İlham Əliyevin tapşırıqlarına əsasən Səbail rayonunda, o cümlədən, rayonun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail RİH-in layihəsi əsasında Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalarının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatıbdır. Məhəllədə yaşayanların RİH-ə müraciəti nəzərə alınaraq, bu ilin yanvar ayından etibarən əsaslı təmir işlərinə başlanmışdır. Əsas etibarı ilə neftçilərin yaşadıqları həyətdə binaların fasadı təmir olunaraq üzlənib, eyvanlar yenidən qurulub, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunub, pilləkənlər yenidən qurularaq bura aqlay döşənilibdir. Burada səkilərə yeni bordyur daşları düzülüb, istirahət üçün geniş söhbətgah quraşdırılıb, həyət boyunca oturacaqlar qoyulubdur.

Dünən həyətdə təmir işlərinin başa çatdırılması ilə əlaqədar bayramsayağı bəzədilmiş həyətdə rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələri, qəsəbə ağsaqqalları, ictimaiyyət nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilibdir. Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, tədbirdə iştirak edən digər rəsmi şəxslər həyətdə yaradılan şəraitlə tanış olublar. Rayon rəhbəri E.Əzizov ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə sakinləri təbrik edərək bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.

Sonra sakinlər istək və arzularını rayon rəhbərliyinə çatdırıblar. Sonda Badamdar qəsəbəsində fəaliyyət göstərən "Konferon" MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş Badamdarda ən böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanıbdır.

Novruz şənliyi incəsənət xadimləri və Badamdar Mədəniyyət Evinin özfəaliyyət kollektivi, Kosa, Keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə axşamadək davam edib.

Ü.ƏSGƏROV

Digər xəbərlər