"Reportyor.org" və "Aktualxeber.info" saytları barədə təqdimatların verilməsi məqsədəuyğun sayılıb
Dünən Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyası iclasını keçirib. Komissiyanın sədri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. "Belə məsələlərin sayı 30-dur" deyən V.Rəhimzadə bunların beşinin şuranın Şikayətlər üzrə Komissiyasından, digərlərinin MŞ Katibliyi tərəfindən ünvanlandığını vurğulayır.
Öncə MŞ-nin Şikayətlər üzrə Komissiyasının təqdimatları müzakirə olunub. Qeyd edilib ki, bu kütləvi informasiya vasitələrindən ikisinin fəaliyyətlərində "Azərbaycan Jurnalistlərinin Peşə-Davranışı Qaydaları"nın prinsip və bəndlərindən irəli gələn tələblərə aşkar sayğısızlıq nəzərə çarpmaqdadır. Belə ki, "Reportyor.org" və Aktualxeber.info" saytlarının fəaliyyətlərində "reket jurnalistika"ya xas cəhətləri özünü qabarıq büruzə verir. Ölkə hüdudlarından kənarda qeydiyyatdan keçən "Reportyor.org" peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətləri davam etdirməkdədir. Belə qeyri-etik yanaşma Mingəçevir şəhər icra hakimiyyəti barədə son vaxtlar yayımlanan, əsası olmayan materiallarda ifadəsini tapıb. Saytın rekvizitlərinin, hətta elektron poçtunun göstərilməməsi də buna xidmətin əlamətləri hesab olunub.
"Aktualxeber.info" barədə isə belə ölçü götürülməsi ondan irəli gəlib ki, sayt insanların şərəf və ləyaqətini təhqir edib, işgüzar nüfuzunu ifrat şəkildə aşağılayıb.
Komissiya digər şikayətlər barədə də müvafiq rəylər qəbul edib.
RƏFİQƏ