PDF Oxu

Sosial

  • 55

DAŞKƏSƏNDƏ NOVRUZ BAYRAMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİB

DAŞKƏSƏNDƏ NOVRUZ BAYRAMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİB

Dünən bolluq rəmzi olan Novruz bayramı münasibətilə daşkəsənlilər böyük təmtəraq və coşqu ilə tədbir keçirmişlər. Rayonun Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanıda təxminən 10 mindən çox daşkəsənli bayram tədbirinə qatılıb.

Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bütün Azərbaycan xalqını, o cümlədən daşkəsənliləri ən müqəddəs Novruz bayramı münasibətilə təbrik edib: "Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin paytaxtı və iri şəhərləri ilə yanaşı, ucqar rayonlarımız, kəndlərimiz öz inkişaf dövrünü yaşayır. Bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir". Ə.Abıyev əhalinin rifah halının da, yaxşılaşdığını, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldiyini bildirib. Məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq, respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da, günü-gündən yüksələn inkişafın müşahidə edildiyini bildirən Ə.Abıyev möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Daşkəsən rayonunda elmi əsaslarla Yeni Daşkəsən layihəsi işlənib hazırlandığını, çoxsaylı dövlət proqramlarının ölkə rəhbərimizin tapşırıq və tövsiyələrinə əsasən, davamlı olaraq yerinə yetirildiyini bildirib: "Bizlər el bayramını əmin-amanlıq və bol ruzi ilə qeyd ediriksə, bu, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Novruz bayramı bizə babalarımızdan yadigar qalıb. Sovetlər dönəmində bu el bayramı gizli şəkildə evlərdə qeyd edilib. Müstəqillik qazanıldıqdan sonra dahi siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasının vaciblini önə çəkib. Ümummilli Liderimiz Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: "Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir".

Ə.Abıyev onu da vurğulayıb ki, ölkə Prezidenti Cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə Daşkəsəndə olarkən əhali ilə görüşündə çox böyük tarixi əhəmiyyətli fikirlər demişdir: "Rayonunuzun çox böyük imkanları və potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir. Daşkəsəndə tikinti-quruculuq, abadlıq işləri aparılır və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm".

Tədbirdə, həmçinin hazırlanmış bayram təamları, sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi də təşkil olunub. Eyni zamanda, rayon pəhləvanlarının və idmançıların nümunəvi çıxışları nümayiş olunub, Novruz tonqalı qalanıb.

Rayonun Heydər Əliyev Meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi musiqi və idmançıların müxtəlif idman nömrələri ilə və rəngarəng əyləncəli proqramlarla davam etdirilibdir.

Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən "N" saylı hərbi hissəyə gedilərək, əsgər və zabitlərlə birgə davam etdirilib.

Ötən gün Daşkəsən rayonunun mərkəzində keçirilən tədbirlərin davamı olaraq Novruz şənliyi daha sonra "N" saylı hərbi hissədə davam edib. Daşkəsən rayon icra hakimiyyətinin başçısı və digər rəsmi şəxslər ön cəhbədə xidmət aparan Silahlı Qüvvələrimizin şəxsi heyətini Novruz bayramı münasibəti ilə təbrik edib. Hərbiçilər qarşısında çıxış edən Ə.Abıyev qeyd edib ki, Azərbaycanda istər Silahlı Qüvvələrin maddi-texniki təminatı, istərsə də peşəkar hazırlığı yüksək səviyyədədir. "İndi Azərbaycan Ordusunun şəxsi heyətini NATO və digər beynəlxalq qurumların tərkibində ən ağır bölgələrdə görmək olar" deyən Ə.Abıyev Azərbaycan Ordusunun ümumi büdcəsinin Ermənistanın ümumi büudcəsindən çox olduğunu bildirib. "Silahlı Qüvvələrimizdə nizam-intizam yüksək səviyyədə təşkil olunub. Əsgər və zabitlərimizdə döyüş hazırlığı var. Sizləri buradan, ön cəhbədən salamlamaqdan qürur duyuram. Bu gün hər bir azərbaycanlının orduya diqqət və qayğı ilə yanaşması vətəndaşlıq borcudur" deyə Ə.Abıyev əlavə edib.

Bayram şənliyində Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin təbrik məktubunu həmin prokurorluğun böyük köməkçisi, ədliyyə polkovniki Səfər Əhmədov oxuyub. Gəncə şəhər Hərbi Prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev ilə "N" saylı hərbi hissənin komandiri polkovnik-leytenant Elzamin Behbudov da Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək, onlara qələbələr arzulayıblar.

Sonra rayon icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçaları əsgərlərə və zabitlərə paylandı.

Bayram şənliyi rəngarəng musiqi nömrələri ilə davam etdi.

R.KAMALQIZI

Digər xəbərlər