Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə "Ölkəmizi tanıyaq" tur-aksiyaları təşkil olunur. "Ölkəmizi tanıyaq" tur-aksiyaların növbəti mərhələsində Suraxanı məktəblilərinin Naxçıvan MR-ə təntənəli yolasalma mərasimi olub.
"Ölkəmizi tanıyaq" layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, dövlət başçısının tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi ilə rayon məktəblərinin IX-XI siniflərinin nümunəvi şagirdlərindən ibarət birinci qrup maarifləndirici aksiyada iştirak edir: "Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin və adət-ənənələrinin dərindən öyrənilməsi məqsədi daşıyır. Bu səfərlər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır".
İ.Abbasov qeyd edib ki, 2014-cü ilin avqust ayından başlanan və 4 mərhələdə keçirilən tur-aksiyalarda 74 şəhər və rayondan 5155 şagird iştirak edib. Martın 16-dan 19-dək və 24-dən 27-dək keçiriləcək beşinci tur-aksiyasında isə 54 şəhər və rayondan 1980 şagird iştirak edəcək. Suraxanı məktəbliləri bu tur-aksiyada Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.
İ.Abbasov xüsusi vurğulayıb ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət - Ulu Öndər Heydər Əliyevi bəxş edib. Naxçıvanın inkişafı Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev blokada şəraitində yaşayan Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilmişdir. İlk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunmuşdur.
Rayon rəhbəri bildirib ki, bu gün ölkəmizdə gedən genişmiqyaslı abadlıq-quruculuq işləri Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən gözəlləşir və abadlaşır. Səfər zamanı bu inkişafı, abadlığı şagirdlər öz gözləri ilə görəcəklər. Azərbaycanın qədim mədəniyyətinin və tarixi varisliyinin öyrənilməsində Naxçıvanın arxeoloji abidələrinin müstəsna əhəmiyyəti vardır.
Sonra şagirdlər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib. Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Hava Limanına yola düşüblər.
Məlumat üçün bildirək ki, turun mütəşəkkil və nümunəvi qaydada təşkil edilməsi məqsədilə rayon icra hakimiyyətində qərargah yaradılıb. Qərargah üzvləri əvvəlcədən tur səyahəti üçün zəruri təşkilati tədbirləri görüb və ekskursiyaya gedən şagirdlərlə ətraflı izahat işləri aparıblar. Şagirdlər onlara yaradılan bu şəraitə görə, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD