PDF Oxu

Sosial

  • 71

Laçında bayram şənliyi keçirilib

Laçında bayram şənliyi keçirilib

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Novruz bayramı şənliyi keçirilib

Dünən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Novruz bayramı şənliyi keçirilib. Məcburi köçkünlər üçün salınmış 552 ailəlik qəsəbədə başlayan bayram şənliyi, atlıların cəngi sədaları altında yandırdığı bayram tonqalının ətrafında davam etdirilibdir. Tədbirdə qurulmuş tonqal ətrafında Azərbaycan xalqının qədim tarixi adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat boğçaları, həmçinin Novruz bayramının simvollarından olan səməni də yer alıb. Bayramla əlaqədar Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən tarixi eksponatlardan ibarət sərgi təşkil olunubdur.

Təntənəli bayram şənliyində iştirak edən Laçın rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın sovet hakimiyyətinin əsarəti altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına qoyulan qadağalara baxmayaraq, xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açıb. Rayon rəhbəri qeyd edibdir ki, Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərimizin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılmış, adət-ənənələrimizin yaşadılması istiqamətində əməli tədbirlər görülmüşdür. Həmçinin, bildirilibdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi ümumxalq səviyyəsinə yüksəldilibdir. Rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli, eyni zamanda vurğulayıb ki, xalqımızın milli adət-ənənələrinə möhtərəm Prezidentimiz İlham Əliyev yüksək diqqət və həssaslıqla yanaşmış, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaratmışdır: "Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğının da xalqımız tərəfindən rəğbətlə qarşılanır".

A.Nəzərli ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək rayonlarımızda yandırılacağına qəti əminliyini bildiribdir.

Tədbirdə iştirak edən millət vəkili Mahir Abbaszadə də tədbir iştirakçılarını, onların şəxsində bütün rayon sakinlərinin bayramını təbrik edərək, seçiciləri ilə bayram şənliyində bir yerdə olmağından qürur duyduğunu bildiribdir.

Tədbir respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilib.

Ü.ƏSGƏROV

Digər xəbərlər