PDF Oxu

Sosial

  • 52

Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi

Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi

Bayram tədbirinin multikulturalizm ilinə önəmli töhfə olduğu vurğulandı

Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Ümumrayon bahar bayramına martın 18-də Gənclər Parkında start verildi. Günorta saatlarından etibarən üçrəngli bayraqlarla, eləcə də mavi, qırmızı və yaşıl lentlərlə bəzədilmiş mərkəzi küçə boyu hərəkət edən milli geyimli atlılar sakinləri bayram tədbirinə dəvət etdilər. Bayramsayağı bəzədilmiş Gənclər Parkına daxil olan Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkilləri Aydın Mirzəzadəni, Rauf Əliyevi Hikmət Babaoğlunu, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevi və digər qonaqları Bahar qızı bayram xonçası ilə qarşıladı. İlk olaraq qonaqlar Pirallahının dünənini və bu gününü əks etdirən foto-stendlə tanış oldular. Kosa və Keçəl, milli geyimli çaparlar, zurnaçılar dəstəsi bayram tədbirinə xüsusi rövnəq verirdi. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirdilər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, kempo-karate ustaları öz məharətlərini göstərdilər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılandı. "Neftçi" İSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqləndilər. Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı. Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, mədəniyyət ocaqları öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Qədim kilimarası oyunu daha böyük marağa səbəb olurdu. Rəssamlıq dərnəyinin üzvləri 10 molbert üzərində Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər. Qonaqları hörmətlə qarşılayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və rayon icra hakimiyyətinin başçısı bayram tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları milli bayram münasibətilə ürəkdən təbrik edən V.İmanov qədim və ulu Novruz haqqında geniş məlumat verdi, əski zamanlardan başlayaraq Azərbaycanda və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.

Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev Novruz bayramının ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il Cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Daim beynəlmiləl tərkibi, etnik zənginliyi ilə seçilən Pirallahı rayonunda Novruz bayramının yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyev tərəfindən elan edilmiş multikulturalizm ilinə önəmli töhfə olduğu vurğulandı.

Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bugünkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı. Daha sonra rayonun sosial-iqtisadi, mədəni inkişafında və ictimai-siyasi həyatında fərqlənmiş bir qrup əmək qabaqcılına, eləcə də milli bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmış idmançılara Pirallahı rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edildi. Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət edən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, hərbi orkestrin, o cümlədən Elşad Qarayev, Dəniz Qocayeva və digər tanınmış ifaçıların iştirak etdiyi konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi, qədim yallı rəqsi və bayram atəşfəşanlığı ilə yekunlaşdı. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.

Digər xəbərlər