Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Dünən YAP Səbail rayon təşkilatı, rayon təşkilatının qadınlar şurası, Səbail rayon icra hakimiyyəti ilə birgə rayonun 100-dən çox tənha, qoca və yardıma ehtiyacı olan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən YAP Səbail rayonun təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev Novruz bayramının əsrlərdən gələn və milli ənənələrimizi özündə ehtiva edən xalqımız tərəfindən ən çox sevilən bayram olduğunu söyləyibdir. O, həmçinin YAP Səbail rayon təşkilatının sədri, prof., millət vəkili Şəmsəddin Hacıyevin bayram təbriklərini rayonun sakinlərinə çatdırıb.
Tədbirin təşəbbüskarı YAP Səbail rayon qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək rayon təşkilatının 14000-dən artıq qadın üzvünün adından bayram təbriklərini çatdıraraq bildirib ki, iqtidar partiyası olan YAP hər zaman tənha və yardıma ehtiyacı olan insanlara himayədarlıq edib, qayğı göstərib. T.Kərimova onu dla vurğulayıb ki, əsas məqsədimiz aparıcı partiya olaraq insanlara diqqət və qayğı ilə yanaşmaqdır: "Azərbaycan dövləti hər zaman kimsəsiz, aztəminatlı ailələrə qayğı ilə yanaşır. Biz də hakim partiyanın gəncləri olaraq buna dəstək üçün bayram tədbirini həyata keçiririk. Bu, bizim ənənəvi xarakter alan tədbirlərimizdəndir".
Tədbirdə Səbail rayon icra hakimiyyətinin şöbə müdiri Qabil Vahidov əziz bayramla əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, müəssisə, bir sıra iş adamlarının, xeyriyyəçilərin, bələdəiyyələrin dəstəyi hesabına alınmış ərzaq bağlamaları, ilk növbədə yardıma ehtiyacı olan ailələrə - şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və aztəminatlı ailələrin üzvlərinin diqqətdən kənar qalmadığını və onlara bayram sovqatı təqdim olunduğunu bildirib.
Görüşdə o da bildirildib ki, YAP Səbail rayon təşkilatı qadınlar şurasının üzvləri, həmçinin 14 nəfər tənha və yardıma ehtiyacı olan insanlara evlərində baş çəkib, onlara bayram sovqatı təqdim ediblər.
İmkansız ailələr ölkə Prezidenti İlham Əliyevə, yaradılan mövcud şəraitə görə, minnətdarlıqlarını bildiriblər və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatına və rayon təşkilatının qadınlar şurasına minnətdarlıqlarını bildiriblər.
Beləliklə də, milli adətələrimizə uyğun olaraq, belə bir gündə kimsəsizlərin qonağına çevrilmək, bayram sovqatı ilə qapısını döymək insanlığın ən yüksək nöqtəsi olaraq qiymətləndirildi.
ÜLVİ