1918-ci ilin 31 mart tarixindəki cinayətkar plan 50 mindən artıq günahsız soydaşımızın qətli ilə nəticələndi
Erməni daşnaklarının 1918-ci il martın 31-də xalqımıza qarşı törətdikləri soyqırımından 98 il ötür. Əslində, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri genosid siyasətinin kökü tarixin dərinliklərinə gedib çıxır. Təxminən 200 il ərzində ermənilər azərbaycanlıların başına olmazın müsibətlər, faciələr gətirmiş, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmişlər. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq və "Böyük Ermənistan" dövləti yaratmaq idi. "Məqsədə doğru addımlayan" ermənilər xalqımızın tarixini kobud şəkildə saxtalaşdırır, milli-maddi və mədəniyyət abidələri, toponimləri erməni təcavüzünə məruz qalırdı.
Elmi-tarixi mənbələrdən bəlli olduğu kimi, "Türkmənçay" müqaviləsindən sonra Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayəti"nin yaradıldığı elan edilib, 7331 azərbaycanlı və 2369 erməni ailəsinin məskunlaşdığı İrəvan şəhəri bu vilayətin tərkibinə daxil edilib. Bu və ya digər faktlar göstərir ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalmışlar. Xüsusilə, onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur.
Mart Soyqırımı - 1918-ci ilin mart-aprel aylarında başda Stepan Şaumyan olmaqla erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınlar Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə 50 mindən artıq günahsız soydaşımızın qətlə yetirilməsinə səbəb olmuşdur. Tarixi Azərbaycan şəhəri olan Yerevanda 1920 azərbaycanlının evi yandırılmış, 132 min soydaşımız qətlə yetirilmişdir. 1918-ci ilin mart-aprel soyqırımı İsmayıllıdan da yan keçməmişdir. Belə ki, rayona məxsus 12 kənddə 1044 nəfər amansızcasına öldürülmüşdür. Ən böyük qırğın 360 nəfərin öldürüldüyü Tircan, 225 nəfərin qətlə yetirildiyi Mücü, 100 nəfərin məhv edildiyi Bizlan və s. kəndlərdə törədilmişdir. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar.
Xatırladaq ki, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Belə ki, Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücum planı hazırlanırdı. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri, əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Hadisənin təşkilatçısı olan S.Şaumyan qırğından bir neçə gün sonra 1918-ci il aprelin 13-də RSFSR XKS-yə yazdığı məktubunda etiraf edirdi ki, biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik: "...Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
Bu gün dünya ictimayyətinin nəzərinə 31 Mart Soyqırımı ilə bağlı əsaslı dəlillərdən bir olaraq Quba kütləvi məzarlığı təqdim olunur. Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılıb. 2007-ci ildə aşkarlanan məzarlıqdakı iki arx-skeletlər ermənilərin Qubada soyqırımı həyata keçirdiyinin əyani sübutdur. Bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. Artıq dünya ictimaiyyəti bu və digər dəlillər vasitəsi ilə erməni siyasəti ilə tanış ola bilirlər.
Ermənilər zaman-zaman tarixi təkrarlayaraq iyrənc siyasətin müəllifinə çevrilirlər. Belə ki, ermənilər sovet rejimindən bəhrələnərək ötən əsrin son illərində yenidən azərbaycanlıları öz tarixi torpaqlarından qovdular. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı şəhid oldu, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldılar. Məlum proseslərin davamı olaraq 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün ərazimizin 20 faizi işğal altındadır.
Vaxtilə 31 mart tarixində qətlə yetirilən azərbaycanlıların uyuduğu məzarlıqda bu gün həmin yüzilliyin sonunda şəhid olan vətən oğulları uyuyur. Bəşəriyyət tarixində ermənilərin xalqımızın başına gətirdikləri faciəsi ilə müqayisə ediləcək dəhşətli cinayət törədilməyib. Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçiriən soyqırımı aktı da ermənilərin hazırladığı növbəti ssenari əsasında baş tutdu.
Azərbaycan dünyaya həqiqətlərini çatdırmaq gücündədir. Digər milli faciələrimiz kimi, ermənilərin öz himayədarlarınının köməkliyi ilə 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımına da yalnız Ümummilli Lider Heydər Əiiyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə dolğun və hərtərəfli siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
ZÜMRÜD