PDF Oxu

Sosial

  • 48

Nazirlərin üçtərəfli görüşündə hansı məsələlər müzakirə olunacaq?

Nazirlərin üçtərəfli görüşündə hansı məsələlər müzakirə olunacaq?

"Dünyada siyasi və maliyyə problemlərinin hökm sürməsi, neftin qiymətinin kəskin surətdə ucuzlaşmasına baxmayaraq, Azərbaycan Prezidenti regional geosiyasi şəraiti həmişə düzgün qiymətləndirib və qiymətli ideyalar irəli sürüb. Dövlətimizin başçısı İrana səfər etdi və bu ölkənin prezidenti ilə görüşdü. O, qayıdandan sonra Rusiya prezidenti ilə danışdı və xarici işlər nazirlərinin Azərbaycanda üçtərəfli görüşü razılaşdırıldı".

Bunu "Səs" qəzetinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Şimal-Cənub dəmir yolu marşrutunda İranın yeni maraqları yaranıb"

O, qeyd edib ki, xarici işlər nazirlərinin üçtərəfli görüşündə bir çox məsələlər müzakirə olunacaq: "Hazırda İran, Azərbaycan və Rusiya arasında nəqliyyat məsələləri həll olunub və bitmək üzrədir. Burada söhbət Şimal-Cənub dəmir yolu marşrutundan gedir. Son dövlərdə İran və Rusiya arasında da yükdaşıma artıb. Bu məsələlər indiki reallıqda yenidən müzakirə olunub, həllini tapmalıdır. Çünki İran Şimal-Cənub dəmiryolu marşrutu haqda müqaviləni imzalayanda sanksiyalar var idi. İndi İran kifayət qədər güclü dövlətdir və ambisiyalı addımlar atır. İndiki reallıqda Şimal-Cənub dəmir yolu marşrutunda İranın yeni maraqları yaranıb. Bu ölkə müqaviləyə Pakistan və Hindistanın da rəsmi şəkildə qoşulmasını istəyir".

Politoloq bildirib ki, Rusiyada regiondan daşınan yüklərlə bağlı böyük şübhələr var və bu məsələ aradan qaldırılmalıdır: "Rusiya elə başa düşür ki, Türkiyə məhsullarının bir qismi İran və ya Azərbaycan məhsulları adı ilə bu ölkənin bazarına girir. Bu məsələlər müzakirə olunmalıdır. Xarici işlər nazirlərinin üçtərəfli görüşünün cari, faktiki mahiyyəti bundan ibarətdir".

"Azərbaycan artıq Suriya məsələsi ilə məşğul olmağa başlayıb"

M.Əhmədoğlu vurğulayıb ki, görüşdə müzakirə olunacaq digər istiqamət ümumi geoiqtisadi və geostrateji məsələlərdir: "Suriyada problemlər müəyyən bir mərhələyə çatıb. Burada bərpa prosesləri gedir. Azərbaycan artıq Suriya məsələsi ilə məşğul olmağa başlayıb. Dövlət başçımızın Londonda Suriya ilə bağlı keçirilən tədbirdə iştirakı bunu deməyə əsas verir. Rusiya, Azərbaycan və İran birlikdə Suriyada həm sabitləşdirici parametr rolu oynayacaq, həm də oranın iqtisadiyyatını bərpa edəcəklər. Azərbaycanlı mütəxəssislər vaxtilə Suriyada işləyiblər və onların bu dövlətdə müəyyən iş aparmaq təcrübəsi var. Orada türkmən məsələsi rol oynayır. Bu baxımdan, o məsələlərin xarici işlər nazirlərinin Bakıdakı üçtərəfli görüşündə detallı şəkildə razılaşdırılması çox vacibdir".

"Rusiya və İran tərəfindən Dağlıq Qarabağdakı ermənilərin özlərinin milli müqəddəratını Azərbaycanın sərhədləri daxilində müəyyən etməli olduqları bildiriləcək və ya bunun təməli qoyulacaq"

Politoloq onu da söyləyib ki, Prezident İlham Əliyev Azərbaycanın dünya səviyyəsində sabitləşmə, stabilləşmə, təhlükəsizlik zəminində rol oynayacağını bəyan edib: "Azərbaycan regionda sabitlik adasıdır. Prezident region deyəndə tək Cəbubi Qafqazı deyil, ümumilikdə Ön Asiya, yəni Suriya, Yaxın Şərqi nəzərdə tutur. Rusiya elan edib ki, Suriyanın, İraqın, ümumiyyətlə Yaxın Şərq ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir. Rusiya eynilə Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Prezidenti İrana səfər etdikdən sonra bu ölkənin dövlət başçısı Həsən Ruhani də bəyan etdi ki, İran region dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir. Dövlətimizin başçısının regional sabitlik ideyası artıq konkret mahiyyət alır. Cənubi Qafqazdan başlamış Yaxın Şərqə qədər olan yerlər ərazi bütövlüyü qorunan region olacaq. Rusiya Suriyadakı kürdlərə öz muxtariyyətlərini Suriyanın sərhədləri daxilində, İraqdakı kürdlərə isə İraqın milli sərhədləri daxilində həll etmələrini bildirib. Çox güman ki, Bakıda xarici işlər nazirlərinin üçtərəfli görüşündə, Rusiya və İran tərəfindən Dağlıq Qarabağdakı ermənilərin özlərinin milli müqəddəratını Azərbaycanın sərhədləri daxilində müəyyən etməli olduqları bildiriləcək və ya bunun təməli qoyulacaq".

Elgün Vidadioğlu

Digər xəbərlər