Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 98 il əvvəl-1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur. Bədnam qonşularımız iki əsrdən artıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışmış, bu məqsədlə terrorizm, soyqırımı və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl atmış, azərbaycanlıları kütləvi qırğınlara məruz qoymuşlar. Hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində ən müxtəlif cinayətlərə rəvac vermiş erməni qəsbkarları soyqırımı və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər. S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda və Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. 70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "əksinqilabi qiyam" kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti olmuşdur. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Belə ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı. Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayan Ulu Öndər Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.
2003-cü ildən Azərbaycana rəhbərlik edən dövlət başçısı Cənab İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hələ 5 il öncə, 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmişdir. Cənab İlham Əliyev, ilk növbədə, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur: "Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu "Böyük Sovet Ensiklopediyası"nda da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır".
Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub- saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, Heydər Əliyev Fondu da son illər milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində böyük işlər görür. Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Heydər Əliyev Fondunun və onun prezidenti, ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək dərin hüznlə başsağlığı verir, bu istiqamətdə digər əhəmiyyətli addımların atılması üçün vacib qərarlar qəbul edir. Bizlər də inanırıq ki, çox qısa zaman kəsimində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü bütün dünyada rəsmən tanınacaqdır.
MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini