Dilarə Cəbrayılova: "31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir"
"1918-ci il 31 Mart Soyqırımı erməni vəhşiliyinin əyani və aşkar sübutudur. Belə ki, bu soyqırımı hadisəsi erməni millətçilərinin Türk dünyasına qarşı apardığı iyrənc və məkrli siyasəti açıq-aydın şəkildə ortaya qoyub". Bunu "SƏS"-ə açıqlamasında Milli Məclisin deputatı Dilarə Cəbrayılova xalqımızın başına gətirilən 31 Mart Azərbaycanlıların Soyqırımını şərh edərkən və bu hadisənin dünyada tanıdılması istiqamətində aparılan işləri qiymətləndirərkən deyib.
Xanım deputatın sözlərinə görə, 1918-ci il Mart Soyqırımından bəhs edərkən proseslərin kökünü və tarixi hadisələri bir az əvvəldə-1905-ci il hadisələrində axtarmaq daha yaxşı olardı: "Mart soyqırımı XIX əsrin sonlarından başlayaraq ermənilərin Anadoluda, 1905-1906-cı illərdə Azərbaycanda,1915-ci illərdə Türkiyədə törətdikləri qanlı və məkrli işğalçılıq siyasətin davamı idi. 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri amansız qırğınlar, kütləvi qətliamlar, təəssüf ki, dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Ona görə də bu istiqamətdə hər bir azərbaycanlı vəzifəsindən, statusundan asılı olmayaraq çalışmalı, öz vətənpərvərlik missiyasını yerinə yetirməlidir. Çünki erməni millətçilərinin şovinizm siyasətləri nəticəsində dinc sakinləri amansızlıqla qətlə yetirilmələri hələ də dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməyib, onlara qarşı heç bir tədbir görülməyib".
Dilarə Cəbrayılova qeyd edib ki, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bu isə, sadcə cinayət deyil, bəşəri cinayətdir. Millət vəkili 31 mart soyqırımının dünyada tanıdılmasındakı təməlli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb: "31 mart soyqırımının həm geniş mənada ictimailəşməsi, həm də tarixşünaslığımızda daha ətraflı araşdırılması, bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "1998-ci il martın 26-da imzaladığı Fərmanla Ulu Öndərimiz mart hadisələrinin əsl tarixi qiymətini verdi. Adıçəkilən Fərmanla "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi tarixiləşdirildi, bütün dünyanın diqqəti məhz bu faciəyə yönləndirildi. Əlbəttə, 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bu günləri "Milli matəm günü" kimi qeyd etdi, lakin qətliamın "soyqırımı" adlandırılması və bu faciəyə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin əhəmiyyətli Fərmanı ilə həyata keçirildi".
Millət vəkili ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da sözügedən istiqamətdəki fəaliyyətinə toxunaraq bildirib ki, O, son illər milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində böyük işlər görür: "Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur".
Dilarə Cəbrayılova Heydər Əliyev Fondunun dəstəyi ilə erməni vəhşiliklərini əks etdirən və nəşr edilən çoxsaylı kitabların, külliyyatların da olduğunu xatırladaraq deyib ki, bütün bunlar məhz 31 mart və Xocalı soyqırımları, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır: "Ümumiyyətlə, bütün istiqamətlərdə 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbr diləyərək dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir".
R.HÜSEYNOVA