Dünən YAP Qusar rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bir qrup gənc Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Tədbir iştirakçıları soyqırımı qurbanlılarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, məzarlığa qərənfinlər düzüblər.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən gənclərə qan yaddaşımızın ən ağrılı səhifələri soyqırımı, deportasiya, azərbaycanlıların tarixi torpaqlarından çıxarılması haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən 1918-ci ilin martında törədilmiş soyqırımı tariximizin faciəli səhifələrindən biridir. 31 mart soyqırımına hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyi qeyd edilib. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 martın rəsmi olaraq "Azərbaycanlıların Soyqırımı Günü" kimi qəbul edildiyi diqqətə çatdırılıb. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin ərazidə "Quba Soyqırımı Memorial Kompleksi"nin yaradılması haqqında ölkə Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamının əhəmiyyəti xüsusi vurğulanıb.
ZÜMRÜD