Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam etdirilir. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada 15 fevral tarixindən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu təqdirdə, profilaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalı və əhəmiyyətlidir. Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
30 mart 2016-cı il tarixinədək Suraxanı rayonunda 74 minə yaxın vətəndaş və 106 kollektiv tibbi müayinədən keçib. 2874 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 113 nəfər stasionar müalicəyə cəlb edilmiş, 136 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir. 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, xəstəxana 2013-cü ildə əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir.
Yeni Suraxanı qəsəbəsinin sakini, ağsaqqallar şurasının sədri Kamil Həmzəyev 12 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə, dövlət başçısına minnətdarlığını bildirib.
Qəsəbə sakini Məmmədova Ləman Ramiz qızı bütün müayinələrdən keçdiyini, həkim və tibb bacılarının sakinləri mehribanlıqla qarşıladığını bildirərək, yaradılan şəraitə görə, minnətdarlıq edib.
Növbəti dəfə start verilən əhalinin pulsuz tibbi müayinəsinin keçirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.
ZÜMRÜD