PDF Oxu

Sosial

  • 38

AMEA-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Dünən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 1918-1920-ci illərdə bədnam ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada törətdikləri qanlı hadisələrdən danışıb. Bildirilib ki, qəsbkar düşmən xalqımıza qarşı dəhşətli soyqırımı həyata keçirib, on minlərlə azərbaycanlını amansızcasına qətlə yetirib.

Tədbirdə çıxış edən professorlar Sayalı Sadıqova, İsmayıl Məmmədli, İlhami Cəfərsoy bildiriblər ki, 1918-ci ilin martında Azərbaycan xalqının üzləşdiyi faciə ən dəhşətli faciələrdən biridir. Həmin dövrdə Şaumyanın başçılığı ilə bolşeviklər və erməni daşnaklarının Bakı, Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və Naxçıvanda törətdikləri qanlı terror əməlləri insanlığa qarşı cinayət idi.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən anım mərasimində ilk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri - filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, institutun elmi katibi, filologiya elmləri üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə və başqaları çıxış edərək ermənilərin torpaqlarımızda törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumat çatdırılmasının vacibliyini vurğulayıblar. Natiqlər Mart Soyqırımını tariximizin ən qanlı səhifəsindən biri adlandırıb, bu tarixi faciənin əsrlərlə xalqın qan yaddaşından silinməyəcəyini söyləyiblər.

Tədbirdə institutun "Kitabxana və elmi informasiya" şöbəsinin hazırladığı "Ermənilərin törətdiyi soyqırımlar" mövzusunda kitab sərgisi və "Azərbaycanlıların Soyqırım Günü - tarixi faktlar, həqiqətlər" adlı film nümayiş etdirilib.

ZÜMRÜD

Digər xəbərlər