PDF Oxu

Sosial

  • 70

"Vətənin müdafiəsinə hazıram!"

"Vətənin müdafiəsinə hazıram!"

Nəsimi rayonunda bu mövzuda tədbir keçirilib

Dünən Nəsimi rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Nəsimi rayon icra hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov açaraq, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edib. Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirib. A.Əsgərov onu da vurğulayıb ki, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, o cümlədən ordu quruculuğu və gənclər siyasəti eyni müstəvidə inkişaf etdirilir. Rayon rəhbəri Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifə kimi səciyyələndirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əmin olduğunu bildirib.

Tədbirdə Azərbaycan və Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Qarabağ müharibəsi veteranları, əliləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və başqaları çıxış edərək, gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək, ölkə Prezidentinin ətrafında sıx birləşməyə, bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.

Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər