PDF Oxu

Sosial

  • 65

Suraxanıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Suraxanıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

Milli Məclisin deputatı Sevinc Fətəliyevanın, rayon icra hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, YAP Suraxanı rayon təşkilatının fəallarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Bir dəqiqəlik sükutla soyqırımı şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın əziz xatirəsi yad edilib.

Sonra Bakı Kölgə Teatrının aktyorlarının ifasında erməni vəhşiliyini əks etdirən "Əsgər papağı" tamaşası nümayiş olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. O cümlədən, rayonda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Rayon rəhbəri bildirib ki, azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.

İ.Abbasov vurğulayıb ki, mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə atılan mühüm addımlardan biridir. Belə bir kompleksin inşası son dərəcə vacib əhəmiyyətə malikdir.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi dəyərli fəaliyyət İ. Abbasov tərəfindən xüsusi qeyd edilib və diqqətə çatdırılıb ki, bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.

Sonda Bakı Kölgə Teatrına Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi, aktyorlara isə YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər