Aldatma günündə, bir yalançının
Keçib qarmağına - felinə düşdüm.
Adım bədnam oldu el arasında,
Yalanın çamurlu lilinə düşdüm.
Qurdu tələsini o hiylə quran,
Qazandığı addı "yıxıb uçuran",
Vurdu badalağı badalaq vuran,
Üzüstə fitnələr gölünə düşdüm.
Ələyə bilmədi yalanı ələk,
Çünki ona rəvac vermişdi fələk,
Məni qoparmazdı yerimdən külək,
Yellənib 1 aprel yelinə düşdüm.
Bu halım çoxuna ciddi kef oldu,
Kələyə keçməyim siftə müf oldu,
Yalana uymağım təsadüf oldu,
Qəfildən bədxahın əlinə düşdüm.
Bir gopçu burnunu qanatmasan da,
Ömrümdə kimisə aldatmasam da,
Böhtan xumarında heç yatmasam da,
Yalanın bəmindən zilinə düşdüm.
Xülyalar qoynunda nəşələnmədim,
Sinəmə döymədim, şeşələnmədim,
Dar macalda qorda eşələnmədəim,
Küfr tonqalının külünə düşdüm.
Məclislərdə olmaz yer yalançıya,
Gəl vermə ipucu, sirr yalançıya,
Ağ qoçda tuş gəldim bir yalançıya,
Valehəm, qara qoç belinə düşdüm.
Valeh Məhərrəmli