Dünən YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və 189 saylı məktəbin təşkilatçılığı ilə "31 Mart Azərbaycanlılara qarşı soyqırımı günüdür" mövzusunda dəyirmi masa keçirib. 189 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə məktəbin direktoru Ceyran Quliyeva çıxış edərək Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükə xalqın yaddaşında dərin iz buraxan hadisələrdən birinin də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün olduğunu diqqətə çatdırıb: "Tarix sübut edir ki, XIX əsrin əvvəllərindən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" ideyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətmişlər. Təkcə 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulmuş, qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, qədim tarixi abidələrimiz məhv edilmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da bu siyasət davam etmiş, yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxdı, bu hadisələrə hüquqi və siyasi qiymət verildi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı. Tariximizin bu illərinə Ulu Öndərimiz tərəfindən verilən siyasi qiymət, bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir".
Dəyirmi masada YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışaraq, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb: "XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, "qan çanağı"na çevirdilər. Ermənilərin "Böyük Ermənistan" yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi".
Təranə Kərimova 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başlanıldığını söyləyib: "Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə Ulu Öndər Heydər Əliyevin olan dövlətinə verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq: "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".
Tədbirdə məktəbin tarix müəllimi Lalə Məmmədova 1918-ci ildə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımına dair tarixi faktlara söykənən məruzə ilə çıxış edib. Həmçinin, dəyirmi masada məktəbin şagirdlərindən Atlas Məmmədzadə, Nərgiz Məmmədova və başqaları ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımdan söz açaraq bildiriblər ki, tariximizin bu illərinə Ulu Öndərimiz tərəfindən verilən siyasi qiymət, bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.
R.HÜSEYNOVA