Səbail rayonunda bu mövzuda elmi-praktik konfrans keçirilib
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Məktəbinin lektoriyasında Səbail rayon icra hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı açıq elan edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır: "Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada "Böyük Ermənistan" yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar. Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, torpaqlarımızın 20 faizi işğal olundu. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi".
E.Əzizov, həmçinin bildirib ki, Ulu Öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir.
Tədbirdə YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışıblar.
Konfransda ADPU-nin professoru Mais Əmrahov, dosent Elmira Məmmədova, Firudin Cümşüdov, baş müəllim Elman Mirzəyev, Eldar Hacıyev, müəllim Taleh Cəfərov, Nəbi Əsədov, Dəyanət Musayev, universitetin doktorantı Xalidə İbrahimova, universitetin magistri Günel Bayramlı, tələbələr Səkinə Rzalı, Aybəniz Bədəlova, Tahir Cabbarlı XX əsrin müxtəlif dövrlərində Azərbaycanlıların məruz qaldıqları soyqrımı faktları, ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planları, Xocalı faciəsi və mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda elmi-praktik konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, məruzələrin bir daha işlənərək kitab şəklində buraxılması qərara alınıbdır.
Ü.ƏSGƏROV