Gəncədə bu mövzuda dəyirmi masa keçirilib
Dünən Gəncədə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır" mövzusunda dəyirmi masa keçirilib. Şəhər ziyalılarının iştirakı ilə keçirilən tədbirdə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev azərbaycanlılara qarşı XIX əsrin əvvəllərindən başlayan və bu gün də davam etdirilən soyqırımı dəhşətlərini tutarlı faktlarla dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. E.Rzayev çıxışında qeyd edib ki, bu məkrli siyasət nəticəsində 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Dəyirmi masada Gəncə Dövlət Universitetinin "Ümumi tarix" kafedrasının baş müəllimi Nərgiz Rəsulova "XX əsrin əvvəllərində Azərbaycanda soyqırımı hadisələrinin coğrafiyası, miqyası və xronologiyası, Azərbaycan Texnologiya Universitetinin "Fəlsəfə və tarix" kafedrasının baş müəllimi Şahmar Həsənov "Azərbaycanlılara qarşı soyqırımı hadisələrinin tarixi siyasi kökləri", Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müəllimi Elgün Aslanov "31 mart azərbaycanlıların qan yaddaşıdır" mövzularında məruzələrlə çıxış ediblər. Həmçinin, "Gəncənin Səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıxova, Gəncə şəhər "Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Almaz Aşurov, Gəncə Dövlət Universitetinin prorektoru Asif Cavadov, YAP Gəncə şəhər təşkilatının şöbə müdiri Hüseyn Budaqov, AMEA-nın Gəncə Regional Bölməsinin akademik katibi Fuad Əliyev və başqaları çıxışlarında azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışıb, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Bildiriblər ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başlanıldı.
Rövşən NURƏDDİNOĞLU