Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qalmaqdadır. Lakin hər dəfə nəticəsiz qalan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində aparılan danışıqlar davam etdirilir. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, heç vaxt Ermənistandan konstruktiv addımların atılacağını gözləmək mümkün deyil: "Ermənistan terrorçu və işğalçılıq siyasətini həyata keçirən bir dövlətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan o halda irəliyə doğru addımlar gözləmək olar ki, burada beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkə olan Ermənistana qarşı ciddi təzyiqlər edilsin. Əgər Ermənistana beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər olmasa, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların heç bir nəticəsi olmayacaq. Yəni Sarkisyan rejimi qeyri-konstruktiv mövqeyindən əl cəkməyəcək. Bununla da Dağlıq Qarabağ münaqişəsinin həlli uzanmaqda davam edəcəkdir".
Politoloqun sözlərinə görə, artıq uzun illərdir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli olunması istiqamətində çalışırlar: "Amma bu illər ərzində ortalıqda müsbətə doğru heç bir nəticə yoxdur. Demək olar ki, həmsədr ölkələr çalışırlar ki, maksumum Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini, əsasən öz inhisarlarında saxlasınlar. Bu da onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində özlərinin hər hansı bir nəticələrini təmin edə bilməyiblər. Bu da, həmsədrlərin münaqişənin həllində ikili yanaşma nümayiş etdirdiklərini fakt olaraq ortaya qoymuş olur".
E.Mirbəşirlinin sözlərinə görə, bu gün bütün dünya ölkələri çox gözəl bilir ki, Ermənistan işğalçı və günahkar bir ölkədir: "Bu reallığı bildikləri halda, yenə də susurlar. Ermənistan beynəlxalq təşkilatların işğal olunan Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması barədə qətnamələrini yerinə yetirməməklə idarəolunmaz bir dövlət olduğunu nümayiş etdirir. Münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllinə nail olmaq üçün Ermənistana sanksiyaların tətbiq olunması vacibdir".
GÜLYANƏ