31 mart soyqırımı Yevlax ictimaiyyəti tərəfindən anıldı
Dünən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yevlax şəhər ictimaiyyəti nümayəndələrinin iştiraki ilə tədbir keçirilib. Tədbir iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhər, ictimaiyyətinin nümayəndələri əvvəlcə "31 Mart azərbaycanlıların soyqırımı" abidəsini və Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Abidə qarşısındakı meydanda davam edən tədbirdə dövlət himni səslənib, sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov anım mərasimində çıxış edərək vurğulayıb ki, bu gün erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərdən biri olan 1918-ci ilin mart soyqırımından 98 il ötür: "Tarix sübut edir ki, XIX əsrin əvvəllərindən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" ideyasını reallışdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətmişlər. Təkcə 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulmuş qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, qədim tarixi abidələrimiz məhv edilmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da bu siyasət davam etmiş, yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxmış, bu hadisələrə hüquqi və siyasi qiymət verilmişdir. 1998-ci ildən başlayaraq 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı".
Q.Səmədov onu da vurğulayıb ki, tarix heç zaman cinayətkarları cəzasız qoymur: "Xalqımız əmindir ki, dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, ermənilər öz layiqli cəzalarını alacaqlar".
Tədbirdə digər çıxış edənlər də 1918-ci ilin martında ermənilərin həyata keçirtdiyi qətliamlardan danışıblar. Anım mərasimində, həmçinin bəşəriyyətə, insanlığa qarşı yönələn erməni vəhşiliklərinin cəzası qalmayacaqlarını bildiriblər.
Sonda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirildi.
R.KAMALQIZI