PDF Oxu

Sosial

  • 92

Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək

Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək

Mayın 3-də Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək. Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo de Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunacaq.

Konsertdə bir sıra ölkələrdə dinləyicilərin qəlbini fəth etmiş virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edəcək.

Yojef Lendvay müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə Budapeştdə anadan olub, Ferens List adına Budapeşt Musiqi Akademiyasında təhsil alıb. Yojef Lendvay çoxsaylı müsabiqələrin, o cümlədən, İsveçrədə keçirilən Tibor Varqa adına Beynəlxalq Skripka Müsabiqəsinin laureatıdır. O, bir çox mükafat və təqaüdlərlə, o cümlədən, Macarıstanın "Qızıl Xaç" medalı ilə təltif olunub.

Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestrinin özünəməxsus musiqi obrazı var. Orkestrin repertuarı bütün dövrləri və üslubları əhatə edir. Repertuara barokko, klassik, romantik və müasir əsərlər daxildir. Öz vətənində çoxsaylı mükafatlara, həmçinin Parisdə "Grand Prix du Disque" mükafatına layiq görülən orkestr indiyədək 200-dən çox disk yazdırıb.

Kollektiv 50-dən çox ölkədə, o cümlədən Nyu-Yorkda Karnegi zalı, Sidney Opera Teatrı, Tokioda Santori zalı, Parisdə De la Vill Teatrı kimi məşhur salonlarda çıxış edib.

Orkestr Svyatoslav Rixter, Yehudi Menuhin, Mstislav Rastropoviç, Adam Fişer, İsaak Stern, Marta Arqerix və digər tanınmış musiqiçilərlə əməkdaşlıq edib, nüfuzlu musiqi festivallarının iştirakçısı olub.

ZÜMRÜD

Digər xəbərlər