Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqlarına görə, 26 halda 38 nəfər saxlanılmış, onların 16 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Banqladeş, 4 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla, İran İslam Respublikası, Belçika, Türkiyə və Moldova vətəndaşı olmuşdur.
Sərhəd rejim qaydalarını pozarkən, yaşıl sərhəddə 7 halda 14 nəfər, Xəzər dənizində 22 halda 45 nəfər, Sərhəd-Nəzarət Məntəqələrində 599 halda 759 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 440 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 478 kiloqram 380 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 93 halda ümumi dəyəri təqribən 20 milyon 121 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd pnevmatik tapança, 1 ədəd tüfəng, 1 ədəd 9 mm-lik patron, 3 ədəd 12 mm-lik patron, 1 ədəd elektroşok cihazı, 1 ədəd beşbarmaq, 48916 ABŞ dolları, 25626 qutu siqaret, 1900 qram zinət əşyası, 13 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Zümrüd