PDF Oxu

Sosial

  • 119

Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir

Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir

Son illər Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından, son illərdə ölkə büdcəsindən səhiyyə ayrılan xərclər 11 dəfədən çox artıb. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" - deyən Azərbaycan Prezidenti İlham Əliyev tərfindən səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Səhiyyə xərclərinin 2005-ci ilə nisbətən bu günə qədər 662 milyon artması bu sahəyə dövlət qayğısının nəticəsidir. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 600-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir.

Son illər səhiyyənin ən zəruri sahələri ilə bağlı qəbul olunmuş və icra edilən dövlət proqramları vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətcə yaxşılaşdırılmasına imkan vermişdir.

Qeyd edək ki, müasir dövrümüzdə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin böyük bir qismi dövlət proqramlarının icrasına yönəldilir ki, bundan da həyatları dərmandan və tibbi yardımdan asılı olanlar daha çox istifadə edirlər. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Müasir dövrümüzdə həmin proqramların icrası nəticəsində ölkədə Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq klinikası, Respublika Uroloji-Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən və təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələr olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir. Azərbaycan Prezidenti İlham Əliyev "Biz artıq Azərbaycan standartlarından da danışa bilərik" - deyəndə, Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."

Mövcud inkişaf və tərəqqi nəticəsində, bu gün ölkəmizdə ən ağır orqan transplantasiya əməliyyatları uğurla icra olunur ki, bu da xaricə üz tutmaq istəyən vətəndaşlarımıza böyük köməkdir. Hazırda xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların 95 faizinin hemodializlə bağlı bütün xərcləri dövlət tərəfindən ödənilir. "Xroniki böyrək çatışmazlığı üzrə Dövlət Proqramı" çərçivəsində ölkəmizdə yaradılmış 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə davamlı müalicə alır. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır, məhz buna görə xəstələrin sayı artır. Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda ölkədə qaraciyər, sümük iliyi və s. orqan transplantasiyası əməliyyatları da aparılır. Təkcə ötən ildə 70 nəfərə yaxın insana böyrək, 11 nəfərə qara ciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı həyata keçirilib. 391 uşaqda kardiocərrahiyyə əməliyyatları aparılıb.

Məlumdur ki, 2015-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə dərmanların əsassız qiymət artımının qarşısının alınması üçün mühüm tədbirlər görüldü. Dərmanların satış qiymətlərinin aşağı salınması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlərdəndir.

Əhalinin sağlamlığına artan diqqətin bir nümunəsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hər bir Azərbaycan vətəndaşının ildə bir dəfə müayinədən keçirməsidir. Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu tədqirdə, proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir. Bu, onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Qeyd edək ki, 2015-ci ildə respublika üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunmuşdur. Ölkə başçısının tapşırığına uyğun olaraq cari ilin fevral ayından əhalinin pulsuz tibbi müayinəsi davam edir. Onu da bildirək ki, bu aksiya çərçivəsində səhiyyə ocaqlarında işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb və bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən uşaqlara evlərində tibbi xidmət göstərirlər.

Növbəti dəfə start verilən əhalinin pulsuz tibbi müayinəsinin keçirilməsi bir daha sübut edir ki, ölkə başçısı hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına diqqət ayırır və insan amilinə xüsusi diqqət yetirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər