Əhəd Abıyev: "Ölkə Prezidentinin diqqəti və qayğısı nəticəsində Daşkəsən rayonu 2016-cı ildə də özünün inkişaf mərhələsini yaşayacaq"
Dünən Daşkəsən rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.
Yığıncağı Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev giriş sözü ilə açaraq qeyd edib ki, rayon ictimaiyyətinin nümayəndələri rayonda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşıblar: "Müzakirəsinə toplaşdığımız 2016-cı ilin birinci rübü bütövlükdə respublikamız üçün, o cümlədən, Daşkəsən rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə diqqətəlayiq nəticələr əldə edilib".
Ə.Abıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib: "Ölkə rəhbəri həmin iclasda özünün giriş nitqində bildirmişdir ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib. Dövlət başçısı vurğulayıb ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə edib: "Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir".
Əhəd Abıyev daha sonra bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2016-cı ilin birinci rübündə bir çox işlər görülüb və çox böyük nailiyyətlər əldə olunub: "Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülüb, rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin fevral ayının 15-dən 2 may 2016-cı il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Bu günə kimi, rayonunun 24 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 18515 nəfər tibbi müayinədən keçmiş, 19 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 80 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasında stasionar müalicəsinə cəlb olunmuş, 160 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilməkdədir. Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığını göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər".
Ə.Abıyev cari ilin birinci rübü ərzində "Daşkəsən Filizsaflaşdırma" ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni və digər təşkilatların da öz fəaliyyətlərini davam etdirdiklərini bildirdi: "3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən - Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilmişdi. Eyni zamanda, "Yeni Daşkəsən" layihəsi işlənib elmi əsaslarla hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür".
Əhəd Abıyev Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin 1.02.2016-cı il tarixli məktubuna əsasən rayon icra hakimiyyəti başçısının 08 saylı, 3.02.2016-cı il tarixli sərəncamı ilə qərargah yaradıldığını bildirib: "Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq! Xüsusi olaraq qeyd edim ki, ölkə Prezidenti İlham Əliyevin rayonumuza göstərliyi diqqət və qayğısı sayəsində inanırıq ki, Daşkəsən rayonu 2016-cı ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır".
Yığıncaqda rayon kənd təsərrüfatı idarəsinin müdiri Şahbaz Mehdiyev, Daşkəsən RİHB-nin şəhər İƏDÜN-si Nüsrət Vəliyev, rayon elektrik şəbəkəsinin rəisi Sahib Hüseynov, Daşkəsən rayon əhalinin sosial müdafiə mərkəzinin direktor əvəzi Malik Şükürov çıxış edərək, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
RƏFİQƏ KAMALQIZI