Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə son günlərdə təmas xəttində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər planında nəzərdə tutulan məsələlər barədə məlumat verib: "Beynəlxalq aləmdə baş verən iqtisadi proseslərin və siyasi gərginliyin dərinləşməsinə baxmayaraq, son illərdə müasirləşən və çiçəklənən ölkəmiz dünyanın ən sabit və ən tolerant ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan, Onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, əzm və iradəsi sayəsində öz inkişaf tempinə, iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə görə dünyada ən öncül yerlərdən birini tutur. Bütün sahələrdə olan inkişaf ordu quruculuğuna da müsbət təsir göstərib. Ordumuzun maddi – texniki təchizatının daha da yaxşılaşdırılması, müasir hərbi texnika və nailiyyətlərdən istifadə edə bilən zabit və əsgər heyətinin formalaşdırılmasına böyük önəm verilmişdir".
Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə ölkəmizdə acınacaqlı vəziyyətin hökm sürdüyü zamana nəzər salan Ə.Vahabova bildirib ki, cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələr, cinayətkar dəstələrin fitnələri və xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat fəaliyyəti ordu quruculuğu prosesinə dağıdıcı təsir göstərirdi. Belə bir şərait isə 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Rayon təşkilatının sədri Dahi Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədəki vəziyyətin kökündən dəyişdiyini, ordu quruculuğu sahəsində də mühüm addımlar atıldığını bildirib.
Ə.Vahabova ordumuzun cəbhədə işğalçı Ermənistan üzərində əldə etdiyi hərbi qalibiyyətdən danışaraq bildirdi ki, ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsinin olduğunu xüsusi vurğulayıb: "Ön xətdə xidmət göstərən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Aprelin 2-dən 5-dək Ermənistan tərəfinin təxribat törədərək, atəşkəsi növbəti dəfə pozması, təmas xəttinə yaxın yaşayış məntəqələrində dinc əhalini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulması ordumuz tərəfindən sarsıdıcı zərbələrlə qarşılandı".
Tədbirdə çıxış edən rayon təşkilatının şura və idarə heyətinin üzvləri Anar Nəbiyev, Hafiz Kərimov, Murad Həbibov, İsmayıl Tarverdiyev və başqaları qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin də ordu quruculuğu təşkil edirdi.
ZÜMRÜD