Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir. Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.Bütün bunlar Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Suraxanı rayonunun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
16 aprel 2016-cı il tarixinədək Suraxanı rayonunda 112297 nəfər vətəndaş və 135-dən çox müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. 3957 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 169 nəfər stasionar müalicəyə cəlb edilmiş, 188 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Xəstəxananın baş həkimi Azər Məmmədov bildirib ki, xəstəxana 2014-cü ildə əsaslı təmir olunmaqla müasir avadanlıqlarla təchiz olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək, insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir hamının ürəyincədir.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli "V" yaşayış sahəsinin sakini Kamil Həsənov, "D" yaşayış sahəsinin sakini Mehparə Quliyeva bildirib ki, bütün müayinələrdən keçib. Həkimlər və tibb bacılarının xoş münasibətinə, imkansız insanlara müayinə olunmaq imkan yaratdığına görə dövlət başçısına təşəkkür ediblər. Bildirilib ki, dövlət tərəfindən belə bir aksiyanın keçirilməsi bir daha sübut edir ki, məqsəd hər bir Azərbaycan vətəndaşını sağlam görməkdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam etməkdədir.
ZÜMRÜD