Prezident İlham Əliyev: "Qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır"
Ölkə başçısı cənan İlham Əliyevin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilib. Ümumiyyətlə, bu istiqamətdəki strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. O, əhəmiyyətli çıxışlarının birində vurğulayıb ki, ötən 2015-ci il "Kənd Təsərrüfatı ili" kimi elan eidlsə də, hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. Eyni zamanda özünütəminat faktoru daim diqqətdə saxlanılmalıdır.
Problem və nöqsanlar aradan qaldırılır
Düzdür, müəyyən problemlər, çatışmayan cəhətlər, nöqsanlar olsa da onların aradan qaldırılması istiqamətində qolobal işlər aparılır. Bu baxımdan, dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi və sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə, öz bəhrəsini verməklə həmin problemlərin aradan qaldırılmasına münbit səmərəsini verir. Kənd təsərrüfatının inkişafı ilə bağlı elmi əsaslandırılmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, həyata keçirilən məqsədyönlü proqramlar kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan vermişdir.
Sirr deyil ki, respublikanın mövcud ərazisinin 4,5 milyon hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Lakin bu torpaq sahələrinin müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğraması ölkənin aqrar sektorunun inkişafına maneçilik törədən əsas səbəblərdən biridir. Ölkəyə hələ də bu və ya digər kənd təsərrüfatı məhsulları, o cümlədən prioritet hesab edilən taxıl və taxıl məhsulları idxal edilir. Müxtəlif (o cümlədən, qadağan edilməsinə baxmayaraq, geni dəyişdirilmiş) bitkilərin toxumlarının və digər əkin materiallarının (xüsusən, F1 hibridlərinin toxumlarının) idxalı bir sıra hallarda rəsmi icazə olmadan aparılır. Gətirilən toxum materiallarının əhəmiyyətli bir hissəsinin F1 hibridlərindən ibarət olması fermerləri xarici şirkətlərdən asılı vəziyyətə salır.
Ölkədə heyvandarlığın vəziyyətində də müəyyən çatışmçayan cəhətlər olsa da, hazırda həmin vəəziyyət qənaətbəxşə doğru istiqamət alır. Belə ki, burada da xarici qaramal cinslərindən, onların toxum materialından ciddi asılılıq mövcud idi, külli miqdarda heyvan mənşəli qida məhsulları idxal olunurdu. Hazırda isə bu problem də aradan qaldırılmaqdadır.
Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir.
Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb, Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb: "Beləliklə, Azərbaycanda on minlərlə hektar suvarılacaq, suvarılmalıdır. Şimal rayonlarında və Şəmkirdə tezliklə fermer təsərrüfatları yaradılmalıdır. Heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi təkliflər təqdim edib. Biz əvvəllər cins mallar alırdıq, yenə alınacaq. Ancaq süni mayalandırma inkişaf etdirilməlidir".
Bu kimi önəmli məqamları da nəzərə aldıqda deyə bilərik ki, ümumiyyətlə, aqrar sahənin qlobal inkişaf mərhələsinə start verilib. Xüsusilə, pambıqçılıq, çayçılıq, tütünçülük sahələrinə də böyük diqqət ayrılacaq. Dövlət başçısı qeyd edib ki, bitkiçilikdə də böyük inkişaf var: "Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq".
Dövlət başçısı deyib ki, bütün bunlar inkişaf göstəriciləridir: "Sovet dövründə yağı, pendiri və digər məhsulları Rusiyadan, Ukraynadan alırdıq. İndi isə bu sahədə biz inkişaf etməkdəyik".
Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, ölkə Prezidenti İlham Əliyevin ölkədə aqrar sahənin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamların icrasına müvafiq olaraq, respublikada əkinçilik mədəniyyətinin və kənd təsərrüfatı istehsalının yüksəldilməsi, üzvi və mineral gübrə istehsalının və tətbiqinin genişləndirilməsi, suvarma və meliorasiya tədbirlərinin həcminin artırılması, bitkiçilik və heyvandarlıq sahəsində yeni sort və cinslərin yaradılması üzrə işləri sistemli şəkildə təkmilləşdirilməklə qətiyyətli mövqe ortaya qoyub. Bu amil isə kənd təsərrüfatının inkişaf və perspektivlərinin daha da artırılmasına stimul verəcək.
Rəfiqə KAMALQIZI