PDF Oxu

Sosial

  • 97

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

İclasda Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilidi. Gündəliyə 9 məsələ daxil edilib: "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Konstitusiya Qanunu, "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında" qərar layihəsi, Hesablama Palatasının hesabatı haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Psixiatriya yardımı haqqında", Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və "Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihələridi.

İclası açan Milli Məclisin spikeri Oqtay Əsədov müzakirələr üçün ilk olaraq İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzova söz verdi.

Siyavuş Novruzov: "Müvafiq qurumlar həmin mətbuat orqanları ilə əlaqədar iş görməlidir"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, dünən keçirilən İslam Əməkdaşlıq Təşkilatının Sammitində də çoxlu ölkələr Azərbaycana dəstək oldu, ərazi bütövlüyümüzü dəstəklədilər: "İslam Əməkdaşlıq Təşkilatı"ndan da Azərbaycana çox böyük dəstək gəldi. Keçirilən İslam Əməkdaşlıq Təşkilatının Sammitində də çoxlu ölkələr Azərbaycana dəstək oldu, ərazi bütövlüyümüzü dəstəklədilər. Ermənistanın işğalçı dövlət olmasının vurğulanması, bununla əlaqədar xarici işlər nazirlərindən ibarət komissiyanın yaradılması Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsi və ordumuzun gücünün göstəricisidir. Amma təəssüflər olsun ki, bəzi mətbuat orqanları xoşa gəlməyən yazılar yazır və Azərbaycanın bu uğurlarına kölgə salmağa çalışırlar. Bu da bəllidir ki, onlar antimilli qüvvələrin dəyirmanına su tökənlərin işidir".

S.Noruzov onu da bildirib ki, bəzi mətbuat oqranlarında Azərbaycanın apardığı siyasət, ölkəmiz, Milli Məclis haqqında xoşa gəlməyən və həqiqətə uyğun olmayan yazılar gedir: "Bu, düşmən dəyirmanına su tökməklə məğul olan qüvvələrin əməlləridir. ABŞ Dövlət Departamenti Azərbaycan haqqında yaxşı sözlər söyləyir. Erməni lobbisinin təsiri nəticəsində isə müəyyən qüvvələr qərəzli fikirlər də bildirirlər. Həmin mətbuat orqanları qərəzli fikirləri başlığa çıxarır. Xaricdə olan ayrı-ayrı QHT-lərin fikirləri həmin dövlətin fikri kimi təqdim edilir. Bunların hamısı qərəzlidir və ermənilərə xidmət edən insanların əməlləridir. Azərbaycan xalqı aprel hadisələrində həmrəyliyini göstərdi. Milli Məclisin deputatları aktiv şəkildə bu məsələ haqqında danışdılar və hər birinin cəbhədə bir əsgər olması barədə bəyanat verildi. Deputatlarımız şəhidlərimizin dəfnində iştirak etdilər. Üzdəniraq qüvvələr isə bu məsələlərə kölgə salmaq istəyir, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Müvafiq qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir ki, şər-böhtanla məşğul olmasınlar".

Oqtay Əsədov: "Onlar özləri kölgədədir"

Spiker Oqtay Əsədov isə bildirib ki, ABŞ-ın bir neçə qəzetində Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılar gedir, ancaq qərəzli mətbuat orqanları bu yazıları işıqlandırmırlar: "Bəzi mətbuat orqanları Dağlıq Qarabağ haqqında Ermənistanın yaydığı məlumatları başlığa çıxarırlar. Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərin özləri kölgə altındadırlar".

Millət vəkili Zahid Oruc deyib ki, birinci Qarabağ savaşından fərqli olaraq, Rusiya aprel qarşıdurması zamanı balanslı mövqe ortaya qoyub. O, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun ədalətli mövqeyini xüsusi vurğulayıb: "Prezident İlham Əliyev həm dinc, həm də müharibə dövrünün lideri olduğunu nümayiş etdirdi. Azərbaycan Qarabağ ermənilərinə də çağırış edir ki, ən rahat yol Azərbaycan Konstitusiyası çərçivəsində ölkəmizdə dinc yaşamaqdır, silahınızı Serj Sarkisyana doğru çevirin".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa millət vəkillərinin şəhidlərinin dəfnində iştirak etməməsi ilə bağlı bəzi media orqanlarında yanlış məlumatlar yayıldığını söyləyib.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan müharibə aparmayıb, Ermənistanın təxribatına cavab verib: "Ona görə, Azərbaycan ilk olaraq birtərəfli atəşkəs elan etdi. Azərbaycan Ordusu və dövləti 5 günlük müharibədə hər kəsə göstərdi ki, münaqişəni istənilən yolla həll etməyə qadirdir. Müharibə bir həftə davam etsəydi, biz harada olardıq? Azərbaycan birtərəfli qaydada atəşkəs elan etməklə, münaqişəni sülh yolu ilə həll etmək istədiyini ortaya qoydu. Danışıqlar prosesi ilə bağlı ortaya yeni motivlər çıxıb".

Millət vəkili Elmira Axundova Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar dövründə Rusiya telekanallarında Azərbaycana obyektiv münasibət sərgilənmədiyini, Rusiya saytlarında müəyyən qədər fərqli durum müşahidə olunduğunu qeyd edib: "Mən Azərbaycan diasporuna, azərbaycanlı biznes nümayəndələrinə müraciət edirəm. Onları biznes maraqlarını kənara qoyub, vətənpərvər mövqe ortaya qoymağa çağırıram".

Deputat Qüdrət Həsənquliyev bəzi şəhidlərin gizli dəfn olunması, həmin mərasimlərində millət vəkilləri və dövlət xadimlərinin iştirak etməməsi barədə iddiaların tamamilə əsassız olduğunu deyib: "Biz Naxçıvanda şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak edirdik. Şəhidin əmisi bizə dedi ki, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat edib, ancaq o, ilk olaraq şəhidin dəfninə gəlib. Ə.Kərimov kimilərin iddiaları əsassızdır. Bir zaman Avropa Komissiyasının iclasında müharibə əleyhdarı kimi çıxış edən Əli Kərimovun indi müharibə tərəfdarı kimi çıxış etməsi riyakarlıqdır".

Əflatun Amaşov: "Çalışmalıyıq ki, nəinki Milli Məclis, heç bir qurum barədə neqativ və qərəzli məlumat getməsin"

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə bəzi mətbuat orqanlarına qarşı yönələn tənqidlərə münasibət bildirib. Ə.Amaşov bildirib ki, Dağlıq Qarabağda 4 günlük hərbi əməliyyatlar dövründə Azərbaycan mətbuatı, bütövlükdə normal fəaliyyət göstərib: "Lakin təəssüf ki, bəzi hallarda bəzi mətbuat orqanları baş verən olaylara kiçik prizmadan yanaşdı".

Ə.Amaşov mətbuatda Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı yazılara da münasibət bildirib: "Milli Məclislə bağlı yazılar kifayət qədər qərəzli və qeyri-obyektivdir. Mən Mətbuat Şurasının sədri kimi bu yanaşmanı qınayıram. Çalışmalıyıq ki, nəinki Milli Məclis, heç bir qurum barədə neqativ və qərəzli məlumat getməsin".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə olduğunu vurğulayıb: "Mən Mətbuat Şurasının sədrinə müraciət edirəm. Sosial şəbəkələrdə milli maraqlara zidd müzakirələrə son qoyulmalıdır"

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib

Milli Məclisin plenar iclasında "Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb.

Spiker Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq Milli Məclisə seçkilərdən sonra MSK-nın tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib.

Qərar layihəsində MSK üzvlüyünə namizəd qismində Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almaz Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvlüyünə isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanovun adı yer alıb.

Spiker Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq Milli Məclisə seçkilərdən sonra MSK-nın tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib.

Millət vəkili Qüdrət Həsənquliyev MSK üzvlərinə diplomatik pasportlar verilməsini təklif edib.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov millət vəkillərini qərar layihəsinə səsverməyə çağırıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli MSK-nın formatının zamanında çox düzgün formalaşdırıldığını, MSK-nın peşəkar əsaslarla formalaşdırıldığını qeyd edib.

İclasda qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK-nın 2010-cu ildə formalaşan tərkibindən iki nəfərin - Tamam Cəfərovanın və Akif Qurbanovun adı çıxarılıb, onların yerinə isə Hüseyn Paşayev (YAP) və İlkin Şahbazovun (Sosial Rifah Partiyası) adı əlavə olunub. A.Qurbanov Ümid Partiyasının MSK-dakı təmsilçisi idi. Lakin 2015-ci ildə keçirilən parlament seçkilərində "Ümid" Partiyası deputat mandatı qazana bilməyib.

Milli Məclis Hesablama Palatasının 2015-ci il üzrə hesabatını qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hesablama Palatasının 2015-ci il üzrə hesabatı"nın müzakirəsi zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya iqtisadiyyatında böhrana baxmayaraq, ötən il ölkə iqtisadiyyatı daha az zərərlə çıxıb. V.Gülməmmədov bildirib ki, ötən il Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət məqsədilə 81-i audit, 1-i analitik təhlil olmaqla, 82 nəzarət tədbiri həyata keçirib, 1 nəzarət tədbiri isə növbəti ilə keçirilib, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə nəzərdə tutulmuş nəzarət tədbirlərinin hamısı il ərzində həyata keçirilib. Bundan əlavə, hesabat ilində 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb. "Hesabat ilində nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini, 24-ü Naxçıvan Muxtar Respublikasının büdcəsini əhatə edib. Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri 4 mlrd. 177,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Qeyd edək ki, 2014-cü il ilə müqayisədə nəzarət tədbirlərinin sayı eyni olsa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çox olub. Təhlil hesabat ilində cəmi əhatə olunmuş vəsaitin 46,6%-ni cari xərclər, 53,4%-nin isə əsaslı xərclərdən ibarət olduğunu göstərir. Cari xərclərin tərkibində əməktutmlu xərclərin xüsusi çəkisi 43,6% təşkil edib. 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-i mərkəzləşdirilmiş, 9,1%-i isə yerli xərclər üzrə olub" deyə V.Gülməmmədov vurğulayıb.

Onun sözlərinə görə, 2015-ci ilin iş planına uyğun başa çatdırılmış və qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 mln. 496,1 min manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4170 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə bərpa edilib: "Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1055 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib. Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 mln. 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib".

Hesablama Palatasının ötən il üzrə hesabatının təqdimatından sonra müzakirələr başlayıb. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Hesablama Palatasının apardığı audit nəticəsində səhiyyə müəssisələrində yüz minlərlə vakant iş yerləri var: "Azərbaycanda səhiyyə ocaqlarını bitirən yüzlərlə məzun var. Səhiyyə işçiləri bu vakant yerlərə işçi cəlb edilməkdənsə, vakant yerlər mövcud tibb heyəti arasında bölüşdürülür. Cənab Prezident də dəfələrlə çıxışında vurğulayıb ki, ölkədə yeni iş yerləri yaradılmalıdır. Bu baxımdan, vakant yerlərin mövcud tibb personalı arasında bölüşdürülməsini düzgün hesab etmirəm. Hesablama Palatasının qaldırdığı bu məsələyə çox ciddi yanaşılmalıdır".

Q.Paşayeva əlavə edib ki, ölkədə valideyn himayəsindən məhrum olmuş uşaqların ali məktəbə təhsil haqqının ödənişlərdən azad edilməsi ilə bağlı qanun qəbul edilib: "Qanunda bu yaş həddi 18-23 yaş göstərilib. Amma bəzi hallarda belə uşaqlar ali məktəbə 1-2 ildən sonra qəbul edilir. Buna görə də onlar 1, 2 və 3-cü kursda ödənişdən azad edilir. Amma növbəti illərdə ödəniş etməli olur. Bu məsələyə baxılmasını təklif edirəm".

İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası tərəfindən sistemli nəzarət həyata keçirilir: "Büdcə vəsaitinin 5 mlrd. manatlıq hissəsinə Hesablama Palatası nəzarət edir. Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatında dövlət büdcəsinin xərcləri ilə bağlı yol verilən nöqsanları maddələr üzrə bölüb. Bu isə nöqsanların aradan qaldırılmasına imkan verir".

Millət vəkili Vahid Əhmədov isə nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilən 10 mln. vəsaitin az olduğunu diqqətə çatdırıb: "Hesablama Palatası çox ciddi nöqsanlar aşkar edir. Palatanın apardığı yoxlamalar nəticəsində çox ciddi problemlərin olduğu məlum olub. İndiki vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır".

Müzakirələrdən sonra hesabat millət vəkillərinin səs çoxluğu ilə qəbul olundu.

Milli Məclisdə, həmçinin digər qanunlar da milət vəkiləlrinin iştirakı ilə müzakirə edildi və qəbul olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər