Elsevər Səmədov
AMEA Fəlsəfə və Hüquq
İnstitutunun əməkdaşı
Dünyəvilik dedikdə, nəzərə alınmalıdır ki, Azərbaycan dünyəvi bir ölkədir. Dinin dövlətdən, dövlətin dindən ayrı olması konstitusiyada göstərilmişdir. Buna görə də dövlətin sosial, siyasi, iqtisadi və hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən, dinin bu mövzudakı əmr və qadağalarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik din və vicdan azadlığını dövlət tərəfindən təminat altına alır. Belə ki, o zaman həqiqi din azadlığı ancaq dünyəvi bir dövlətdə reallaşa bilər. Çünki ancaq belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan öz dinlərini seçə bilərlər. Dünyəvi bir dövlətdə din azadlığı, hər hansı bir dinə inanma və onun ibadətlərini yerinə yetirmə azadlığını təmin etdiyi kimi, vətəndaşların heç bir dinə inanmama və heç bir dinin ibadətlərini yerinə yetirməmə azaldığını da təmin edir. Dövlətin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsində olmalıdır. Dövlətin əsas vəzifəsi, ədaləti, daxili və xarici təhlükəsizliyi təmin etmək, vətəndaşların haqq və azadlıqlarına əngəl olan problemləri aradan qaldırmaqdır. Bu səbəbdən də, dövlət bu gün ölkənin gələcəyi üçün lazım olan tədbiri görməkdədir. Yəni vətəndaşlarını və cəmiyyəti zərərli, fanatik və radikal dini-siyasi qrup və təşkilatlardan qoruyur. Bu istiqamətdə dövlətin sekulyar dəyərləri və prinsipləri daha kəskin və aydın qoyulur.
Dövlət, vətəndaşlarının dini-fəlsəfi dünyagörüşünün, bədii- etik təfəkkürün və estetik zövqün formalaşdırılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirməlidir. Dövlət bütün bunların həyata keçirilməsi üçün bəzi əhəmiyyət kəsb edən anlayış və konsepsiyalara müraciət edir. Belə ki, bu anlayış və konsepsiyaların ən mühümü multikulturalizmdir. Multikulturalizm bu gün, məhz Azərbaycanın dövlət siyasəti olaraq təyin edilmişdir. Hansı ki, mültikulturallıq bir ölkədə dini, cinsi, etnik və milli müxtəlifliklərin qorunması və inkişafına yönəlmiş siyasətdir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir" - deyərək multikulturalizmi Azərbaycanın dövlət siyasəti olmasını təsadüfün deyil, əksinə qədim dövrlərdən üzü bu yana xalqımızın həyat tərzi kimi xarakterizə etmişdir. Çünki Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi tolerant münasibətlər içərisində birgəyaşayış ənənəsi Azərbaycan xalqının formalaşdığı bütün dövrlərdə müşahidə edilmişdir. Təbii ki, bu tendensiya Azərbaycan xalqının sahib olduğu dəyərlər sisteminin bütün nümunələrində əsas istiqamətlərdən biridir. Ümumi mənada, xalqımızın milli və mənəvi dəyərlər sisteminin əsasını təşkil edən müqəddəs mətnlər, şifahi xalq yaradıcılığı, elmi və bədii yaradıcılıq nümunələrində birgəyaşayış ənənəsini özündə ehtiva edən multikulturalizm anlayışının köklərini tapmaq mümkündür.
Multikultural dəyərlər və tolerantlıqla əlaqədar fikir və yanaşmalara Azərbaycanın ədib və filosoflarının yaradıcılığında da rast gəlmək mümkündür. Belə ki, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli, A. Bakıxanov, M. F. Axundov, H. Zərdabi, C. Məmmədquluzadə və s. ədib və mütəfəkkirlərimizin yaradıcılıqlarında multikultural və universal dəyərlərin təbliğini müşahidə etməkdəyik. Məsələn, Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında mədəni müxtəlifliyə ünvanlanan fikirlər səsləndirərək qeyd edir:
Müxtəlif nəğmələr, müxtəlif pərdə
Birləşsə, xoş ahəng çıxar bir yerdə.
Nizami Gəncəvi bu beyt ilə mədəni müxtəlifliyi bir zənginlik kimi xarakterizə edir. Bu tendensiya məhz multikulturallığa yönəlmiş bir yanaşmadır və demək olar ki, Nizami Gəncəvinin bütün yaradıcılığında izlənilməkdədir. Qeyd etmək lazımdır ki, bu tendensiya zamanla Azərbaycanın ədib və düşüncə adamlarının yaradıcılığında ana xətt olaraq müşahidə edilməkdədir.
Şərq müdrikliyi və Qərb rasionallığından öz payını alan Azərbaycan, cəmiyyət olaraq multikultural və tolerant dəyərləri bu adlarla olmasa da, ancaq eyni mahiyyətdə olan digər anlayışlarla hər zaman yaşamışdır. Bu baxımdan, multikulturalizm cəmiyyətdə bütün dinlər, millətlər, milli azlıqlar və mədəniyyətlərin bir arada tolerant münasibətlər içərisində birgəyaşayışıdırsa, o zaman Azərbaycan nümunə olacaq multikultiral bir ölkədir. Çünki Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan həm də çox millətli bir ölkədir. Bütün bunları nəzərə alsaq, tarixin bütün dövrlərində olduğu kimi, indi də bu din, konfessiya və etnik qruplar birgəyaşayışın ən optimal formasını bərabər təşkil etmişdirlər.
Azərbaycan cəmiyyətinin tarixdən günümüzə kimi formalaşan bu xarakter və özəllikləri, yəni multikultural və tolerant dəyərlərə sahib olması fikri məhz ilk dəfə olaraq ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən siyasi müstəvidə qiymətləndirildi. 2011-ci ildə Bakı I Beynəlxalq Humanitar Forumunda çıxış edən ölkə başçısı İlham Əliyev qeyd etmişdir ki, "Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".
Ölkə başçısı bu çıxışında qloballaşan dünyada multikulturalizmi humanitar problemlərin qarşısını ala biləcək fenomen kimi dəyərləndirməkdədir. Hansı ki, bu gün Qərb hansı mənada isə multikulturalizmlə bağlı bədbin fikirlər səsləndirərək multikulturalizmin özünü doğrultmadığı fikrini səsləndirmişdirlər. Təbii ki, bu fikirlərin siyasi səbəbləri olduğu kimi, sosio-psixoloji əsasları da vardır. Eyni zamanda, bu problemin cəmiyyətlərin tarixi inkişaf tendensiyaları ilə də yaxından əlaqəsi mövcuddur. Belə ki, Qərb cəmiyyətləri bildiyimiz kimi, keçmiş dövrlərdən "mən" düşüncəsi ilə hərəkət edərək "başqasını" təcrid etmiş, özlərini əsl, başqalarını isə barbar adlandırmışlar. Bu tendensiya tarixin bütün dövrlərində aşağı-yuxarı eyni müstəvi üzərində inkişaf etsə də, humanist tendensiya müasir dövrdə qalib gəlmiş "mən" və ya "başqaları" deyil, məhz "biz", yəni insanlıq şüuru cəmiyyətlərin əsas devizinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, post-indisturial dövrünü yaşayan Qərb kapitalizmin özünü doğrultmadığını və iflas olduğunu, eyni zamanda buna paralel olaraq artıq liberal dəyərlərdə də boşluqların yarandığını və beləliklə, neo-liberalizin ortaya çıxdığını, nəticədə, bunun da nə olduğunu özləri üçün hələ də tam müəyyənləşdirə bilməyən Qərb cəmiyyəti humanitar böhranla üz-üzə qalmaqdadır. Bu durum isə Avropa İttifaqının gələcəyini sual altında qoyur. Ona görə də, Qərb olaraq onların qarşısında iki yol vardır: birincisi "mən" şüuru ilə hərəkət edərək özünütəcrid yolu, ikincisi isə multikultural və universal dəyərlərə əsaslanan birgəyaşayışdır. Məhz bu gün bəzi Avropa ölkələri multikulturalizmdən imtina etdikləri üçün miqrant problemi ilə qarşı-qarşıya qalmaqdadırlar. Hansı ki, Qərb ölkələrinin, xüsusən də, ABŞ-ın istifadə etdiyi multikulturalizmi ehtiva edən "melting pot" (əridən qazan) siyasəti metafora olaraq heterogen cəmiyyətdən, homogen cəmiyyətə keçid, bununla bərabər bir də "melting together" (birgə ərimə) anlayışı da vardır ki, bu da cəmiyyəti ümumi vəhdət və harmoniyaya aparan siyasət olaraq dəyərləndirilsə də, bu gün bəzi Avropa ölkələri multikulturalizmin özünü doğrultmadığını iddia edirlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyət sərgiləyərək Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışındakı çıxışında qeyd edir: "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu günlərdə keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda multikulturalizm ən çox müzakirə edilən mövzu idi. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb. Bunlar çox narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu, həqiqətən belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə, belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur".
Bununla da, İlham Əliyev məhz onu vurğulamaq istəmişdir ki, Azərbaycan istər siyasi müstəvidə, istərsə də cəmiyyət olaraq ümumi vəhdət və harmoniyaya əsaslanan birgəyaşayış fəlsəfəsini dəstəkləyir və bu baxımdan, multikulturalizmin gələcəyinə inanır. Məhz bu istiqamət üzrə 2013-cü ildə Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirildi. Sonra hələ proses olaraq 2008-ci ildən formalaşmağa başlayan, ancaq layihə kimi 2011-ci ildən start götürən və bu gün artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanı multikulturalizmin mərkəzi kimi tanınmasına səbəb oldu. Nəhayət, bütün bu proseslərin ümumi nəticəsi ona gətirib çıxardı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 may 2014 tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman verdi. Bununla da, Azərbaycanda multikultural və tolerant dəyərlərə əsaslanan cəmiyyət quruculuğu prosesi birbaşa dövlətin düşünülmüş planı əsasında inkişaf etməsinə səbəb oldu.
Təbii ki, Azərbaycanın bu sahədəki həyata keçirdiyi daxili və xarici siyasət bəzi siyasi gücləri narahat etməkdədir. Çünki Avropanın üzləşdiyi bugünkü humanitar və iqtisadi problemlər Avropa İttifaqının gələcəyini sual altında qoyduğu halda, bunun əksi olaraq dünyada gedən iqtisadi böhrana baxmayaraq, ölkədəki iqtisadi və siyasi stabillik, üstəlik, humanitar sahədə qəbul edilmiş uğurlu siyasi rakurs, təbii ki, Azərbaycana qarşı təzyiqləri və eyni zamanda ikili standartlarla yanaşmanı qaçınılmaz edir. Qərbin müsəlman ölkəsi olaraq Azərbaycana ikili standartlarla yanaşması özünü həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də digər siyasi məsələlərdə göstərməkdədir. Bütün bunlara baxmayaraq, deyə bilərik ki, Azərbaycanın formalaşmış siyasi iradəsi buna imkan verir ki, ölkəmiz istər dini, istər etnik, istərsə də digər məsələlərdə xarici müdaxilələrin qarşısını ala bilsin. Çünki Azərbaycanın sosio-mədəni tərkibi digər qonşu müsəlman cəmiyyətlərindən fərqlənməkdədir.
Azərbaycan çoxetnoslu və çoxkonfessiyalı ölkə olmasına baxmayaraq, ümumvəhdət fəlsəfəsinə əsaslanan azərbaycançılıq ideologiyası cəmiyyətdə harmoniya yarada bilməkdədir. Bu perspektivdən Azərbaycan cəmiyyətdə formalaşan müxtəlif mənfi tendensiyaları, o cümlədən, dini fundamentalizm, radikalizm və ekstremizm kimi cəmiyyət üçün təhlükəli olan problemlərin qarşısını almaqda aciz deyildir. Çünki Azərbaycan innovasiyalara və müasirliyə açıq cəmiyyətdir. Bu baxımdan, Azərbaycan cəmiyyəti geriliyə və uçuruma aparan dini yönümlü mənfi tendensiyaları humanist prinsiplər içərisində əritməyə qadirdir. Əgər Azərbaycan cəmiyyətində nəzərə çarpan radikal dini mühit varsa, o da xarici qüvvələrin təsiri ilə formalaşmışdır. Çünki Azərbaycanın müstəqilliyə qovuşması və günü-gündən inkişaf etməsi onları narahat etməkdədir. Ona görə də, etnik və dini məsələləri qabardaraq daxildə xaos və hərc-mərclik yaratmaq istəyirlər. Bunun üçün onlar bəzi xüsusi yetişdirilmiş radikal mövqeli insanlardan istifadə edərək, istəklərini həyata keçirməyə çalışırlar. 2010-2015-ci illər ərzində Azərbaycanda nəzərə çarpan dini radikalizm və ekstremizm təmayüllü hadisələr buna bariz nümunədir. Sadəcə, xarici qüvvələrin maddi və mənəvi yardımı ilə maliyyələşən ekstremist dini qruplaşmalar müəyyən bir qrup insanın beynini qarışdıraraq, onları dövlətə və ümum xalqa qarşı qoymağa çalışırlar. Təbii ki, onların bu cəhdi heç bir nəticə verməmişdir. Çünki Azərbaycanın möhkəm təməllər üzərində dayanan milli ideologiyası vardır ki, cəmiyyətdə ümumvəhdət məfkurəsini əks etdirir.
Bu baxımdan, Azərbaycanda din-dövlət, eyni zamanda cəmiyyət-dövlət münasibətləri milli-mənəvi dəyərlərlə yanaşı, həm də universal və multikultural dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası kontekstində tənzimlənir. Bu baxımdan, cəmiyyətə sağlam təfəkkürlü vətəndaş qazandırmaq üçün dərin dini-fəlsəfi dünyagörüşünə, bədii-etik təfəkkürə və yüksək estetik zövqə malik olan insan yetişdirmək lazımdır. Belə ki, bu da dövlətin düşünülmüş, planlı və uzaqgörən siyasətinə əsaslanan proqramın tərtib olunmasına və onun həyata keçirilməsinə bağlıdır. İnanmaq lazımdır ki, əgər dövlət vətəndaşını və ölkənin gələcəyini düşünərək, bütün bunları sistemli şəkildə həyata keçirərsə, gələcəkdə cəmiyyətdə problem və təhlükə yaradan radikal, fanatik fərdlər ortaya çıxmaz. Əks-təqdirdə isə dini ehtiyac və tələblər qeyriləri tərəfindən təmin edilərsə, o zaman cəmiyyətdə daha da radikal, fanatik və cəmiyyət üçün təhlükə yaradan qüvvələr və fərdlər ortaya çıxa bilər.