Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın hər yerində olduğu kimi, İmişli də əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir. Aksiyanın əvvəlindən indiyədək rayonun 36 min 519 sakini tibbi müayinədən keçirilib.AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada sakinlərin hərtərəfli müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 9 peşəkar həkim briqadası fəaliyyət göstərir.Humanitar aksiya rayonun 88 min nəfərdən çox sakinini əhatə edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi səyyar həkim briqadaları tərəfindən evlərdə aparılır.Aksiyaya rayon mərkəzi xəstəxanası ilə yanaşı, 6 kənd xəstəxanası, 90-dan çox həkim və orta tibb işçisi cəlb olunub. Müayinədən keçirilmiş vətəndaşların 936 nəfəri ambulator, 169 nəfəri isə stasionar müalicəyə cəlb olunub. Yerli şəraitdə müalicəsi mümkün olmayan 65 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
AZƏRTAC