AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati dəstəyi ilə 17 May-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın açılış mərasimi keçirilib.
Qafqaz Universitetində keçirilən tədbiri giriş sözü ilə açan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, gənc nəsil bu işlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu baxımdan, ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılmasına, habelə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsinə xidmət edən bilik yarışlarının keçirilməsi təqdirəlayiq haldır.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin prorektoru Natiq Paşa, Təhsil Nazirliyinin Təhsilin idarə olunması üzrə məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bu kimi müsabiqələrin keçirilməsinin önəmini vurğulayıblar. Bildirilib ki, əsas məqsəd informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşdırmaqla, Azərbaycanın intellektual yarışlarda layiqincə təmsil olunmasına şərait yaratmaqdır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri Fərhad Yusifov bildirib ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında İKT-nin inkişaf etdirilməsi və bütün sahələrə geniş tətbiqi, bu sahədə gənc kadrların hazırlanması və kadr potensialının gücləndirilməsi əsas prioritetlərdən biri kimi öz əksini tapıb. Bu baxımdan, informatika üzrə olimpiadaların keçirilməsi böyük əhəmiyyətə malikdir.
Olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə 2007-ci ildən müntəzəm olaraq keçirilən olimpiadanın əhəmiyyətindən söz açıb. Ölkədə informasiya texnologiyaları üzrə yüksək ixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusilə də, kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına böyük tələbatın olduğunu bildirərək, orta və ali məktəblərdə informatikanın tədrisinin vacibliyini qeyd edib.
Sonra müsabiqənin şərtləri haqqında ətraflı məlumat verilib. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır.
Daha sonra olimpiadanın I mərhələsi keçirilib. İlk mərhələdə 22 ali təhsil müəssisəsindən hər birində 3 tələbə olmaqla, 55 komanda iştirak edib. Müsabiqədə Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Mingəçevir və Sumqayıtda yerləşən ali təhsil müəssisələri də komandaları ilə təmsil olunublar.
Qeyd edək ki, olimpiadanın final mərhələsi aprelin 30-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qaliblər "HP", "Nar" və "Caspian Telekom" şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.
ZÜMRÜD