Dünən Dövlət Film Fondunda Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Respublikanın regionlarında təsviri, tətbiqi sənətin təbliği və inkişafı"na həsr olunmuş elmi-praktik seminar öz işinə başlayıb.
Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək bildirdi ki, seminarın məqsədi Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Oğuz və Balakən şəhərlərində fəaliyyət göstərən rəsm qalereyaları, incəsənət məktəbləri və Heydər Əliyev mərkəzlərində təşkil olunan təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin mütəmadi sərgilənməsi və mədəni irsimizin bölgəyə gələn turistlərə təbliğindən ibarətdir.
Direktor qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə yaradılan işçi qrupu bu məqsədlə regionlara səfər edib və rəsm qalereyalarında işin düzgün qurulması, tətbiqi və dekorativ sənət növlərinin təbliğinə marağın artırılması istiqamətində iş aparılıb. Bildirilib ki, həyata keçirilən layihə ilkin mərhələdir. Turizm zonalarında hər regionun özünəməxsusluğunu ifadə etmək üçün tarixi kompozisiyaların qurulması həmin bölgənin sənət adamlarına həvalə olunacaq. Bundan əlavə, regionlar arasında daha sıx əlaqələr yaradılacaq. Xalq sənəti nümunləri, rəssamların işlərindən ibarət sərgi-yarmarkalar regionlarla yanaşı, paytaxt Bakıda da təşkil olunacaq.
E.Hüseynov dövlət tərəfindən yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açdı, hər zaman olduğu kimi, bu gün də rəssamların fəaliyyəti üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.
Sonra seminar sənətşünas alimlərin məruzələri ilə davam edib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə şəbəkə sənətinin ənənələri, formalaşması və mərhələləri haqqında məruzəsində Şəkidə bu sənətin inkişaf yolundan danışıb. Milli sənət ənənələrinin davam etdirilməsinin, gələcək nəsillərə ötürülməsinin, tədqiq və təbliğinin vacibliyini diqqətə çatdıran natiq bu baxımdan "Tofiq Rəsulov. Şəbəkə" kitabının bu ecazkar sənətin sirlərinin öyrənilməsində mühüm bilgiləri özündə cəm etdiyini vurğulayıb.
Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov "Xalq sənətinin qorunması, ənənələri və inkişafı" mövzusunda məruzəsində xalçaçılıq, bədii tikmə, dulusçuluq sənətlərinin bədii mədəniyyətin inkişafındakı rolundan danışıb.
Xalq rəssamı Arif Hüseynov regionlarda yaradılacaq sərgi-yarmarkaların təşkili və keyfiyyət məsələlərinə diqqətin artırılmasının önəmini vurğulayıb. Xalq rəssamı, professor Fuad Salayev isə qalereyalarda dərnəklərin fəaliyyətinin vacibliyini önə çəkib.
Seminar çərçivəsində günün ikinci yarısında Dövlət Rəsm Qalereyası Elmi araşdırma və maarifləndirmə şöbəsinin müdiri Nərgiz Əsgərova sərgi ekspozisiyalarının qurulması və rəsm əsərlərinin qorunması mövzusunda praktik təlim keçərək, iştirakçıları bu sahədəki yeniliklərlə tanış edib. Təlimdə əsərlərin korlanmasından və eksponatların bioloji məhv olmasından qorunmağın qaydalarını əks etdirən videomaterial nümayiş etdirilib.
Seminarın birinci iş gününün sonunda iştirakçılar öz təklif və fikirlərini bölüşüblər.
Qeyd edək ki, iki gün davam edəcək seminarın ikinci günü Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzində tədrisin təşkili qaydası, Azərbaycan Milli İncəsənət, Müasir İncəsənət və Xalça muzeylərində isə ekspozisiya planının qurulmasına baxış və müzakirələr təşkil olunacaq.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim ediləcək.
ZÜMRÜD