AZƏRBAYCAN MULTİKULTURALİZMİ:
TƏDQİQİ, TƏDRİSİ VƏ TƏBLİĞİ
Müasir dünyada, bir tərəfdən, elm və texnikanın yüksək sürətlə inkişafının, qloballaşmanın yüksək səviyyədə təzahürünün, digər tərəfdən isə, iqtisadi sahədə müəyyən çaşqınlığın, siyasi səhnədə artan gərginliyin şahidiyik. Bəşəriyyətin təzadlı həyatını mövcud dəyərlərə fərqli münasibətlər, dini, irqi, mədəni müxtəlifliyə fərqli baxışlar daha da gərginləşdirir. Bu cür şəraitdə çoxmədəniyyətli cəmiyyətin davamlı inkişafını təmin edə biləcək yeganə çıxış yolu hər bir vətəndaşın bir fərd olaraq və hər bir xalqın bir toplum olaraq öz mədəniyyətini, dilini, ənənəsini, milli-mənəvi və dini dəyərlərini qoruyub saxlamaqla yanaşı, inkişaf etdirməkdə bərabər hüquqlara malik olması və bu hüquqların dövlət tərəfindən qorunmasıdır.
Nəzəri əsasını insanpərvərlik və sülhsevərlik, azadlıq və bərabərlik, dostluq və qardaşlıq kimi yüksək dəyərlər təşkil edən, özündə qarşılıqlı hörməti, şəfqət və mərhəməti ehtiva edən, tolerantlıqla sıx bağlı olan multikulturalizm bu gün insanlığı siyasi gərginlikdən xilas edə biləcək ciddi və əvəzolunmaz vasitədir. Multikulturalizm xalqlar və millətlər arasında arzuolunmaz münasibətlərə və bir çox hallarda ciddi münaqişələrə zəmin yaradan assimilyasiyanı qəti şəkildə inkar edən inteqrasiyaya münbit şərait yaradır, müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi və inkişafına, milli-mənəvi rəngarəngliyi ilə seçilən xalqları bir çətir altında birləşdirən mədəniyyətin formalaşmasına müsbət təsir göstərir.
Bu baxımdan müasir dövrdə multikulturalizmin mövcud bir reallıq kimi hərtərəfli tədqiqi, xüsusilə də Azərbaycan alim və tədqiqatçıları tərəfindən geniş şəkildə öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə və birmənalı şəkildə qeyd etdiyi kimi, multikulturalizm qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının adi həyat tərzinə çevrilmişdir. Multikulturalizm xalqımızın gündəlik yaşayışının əsas xüsusiyyətlərindən, cəmiyyətin daxilinə sirayət edən, əsrlərdən bəri qanında və canında daşıdığı mənəvi dəyərlərdən biri olmaqla yanaşı, müasir və müstəqil Azərbaycanın dövlət siyasətidir.
Azərbaycan multikulturalizminin siyasi banisi dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanda multikulturalizmi siyasi müstəviyə yüksəltməyə nail olmuş, onun nəzəri əsaslarının banisi olduğu azərbaycançılıq məfkurəsinin əsas anlayışları ilə sıx vəhdətdə olduğunu göstərmişdir. Bu baxımdan Azərbaycanın multikulturalizm modelinin azərbaycançılıq ideologiyası işığında tədqiq edilməsi olduqca önəmlidir. Bu ideologiya dinindən, dilindən, irqindən asılı olmadan bütün əhalini birləşdirən məfkurədir və çoxmədəniyyətliliyə onun ayrılmaz tərkib hissəsi kimi baxılması vacibdir.
Heydər Əliyevin Azərbaycanın çoxmillətli dövlət kimi tanınması, ölkə vətəndaşlarının dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmaları, müxtəlif xalqların nümayəndələrinin azərbaycanlı kimi formalaşması, ölkəmizdə müsəlman məscidləri ilə yanaşı, pravoslav xristian kilsələri və yəhudi sinaqoqlarının sərbəst fəaliyyəti üçün şəraitin yaradılması, azərbaycanlıların digər xalqların dininə və mədəniyyətinə ehtiramla yanaşması və ölkəmizdə heç bir zaman dini zəmində münaqişə və toqquşmaların olmaması barədə fikirləri dəfələrlə yüksək kürsülərdən səsləndirilmiş, mötəbər beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə birmənalı şəkildə bəyan edilmişdir.
Bu gün ölkəmiz qloballaşma dövrünü yaşayan dünyada multikulturalizmin əsas ünvanlarından, məkanlarından biri kimi tanınır. Multikulturalizmin, dini və milli tolerantlığın özünəməxsus Azərbaycan modelinin mövcudluğu reallıqdır və qətiyyən təkzibedilməzdir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq formalaşmış və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən bu model alternativsiz nümunə kimi təbliğ edilməli, regionda və dünyada sülhün, əmin-amanlığın, bununla da etnik, dini və mədəni multikoloritin qorunmasına xidmət göstərməlidir.
Məlumdur ki, müasir multimədəni cəmiyyətlər ciddi kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit və davamlı inkişaf edə bilməzlər. Azərbaycanın iqtisadi inkişafı və daim yüksələn beynəlxalq nüfuzu buna ən bariz nümunədir. Bu inkişafı və nüfuzu şərtləndirən Azərbaycan multikulturalizminin tədqiqi onun böyüyən nəslin təlim və tərbiyəsinə, yeniyetmə və gənclərin ölkənin layiqli vətəndaşları kimi formalaşmasına xidmət göstərən təhsil ocaqlarında tədrisini gündəmə gətirmişdir.
Son dövrdə ölkə Prezidentinin fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, onların təşəbbüsü və təşkilatçılığı ilə yerli və xarici ölkə universitetlərində Azərbaycan multikulturalizminin tədrisinə başlanılması, bu fənni öyrənən gənclər üçün çoxmədəniyyətli ölkəmizdə beynəlxalq yay və qış məktəblərinin təşkili, bir sıra xalqların dilləri və mədəniyyətləri tədris olunan Bakı Slavyan Universitetində Azərbaycan multikulturalizmi kafedrasının yaradılması, qədəm qoyduğumuz 2016-cı ilin dövlət başçısı tərəfindən ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi Azərbaycanda çoxmədəniyyətliliyin dövlət siyasəti statusuna yüksəldilməsi və cəmiyyətdə tolerantlıq prinsiplərinin möhkəmlənməsi ilə yanaşı, ölkəmizin multikulturalizm modelinin öyrənilməsi və öyrədilməsi istiqamətində atılmış ciddi və uğurlu addımlardır. Bu siyasət nəticəsində dövlətlə xalqın vəhdəti üçün münbit şərait yaranır, multikulturalizmin Azərbaycan modeli hərtərəfli tədqiq, tədris və təbliğ olunur, milli mədəniyyətimizə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf etmək imkanı əldə edirlər.
Dövlət başçısı xüsusi olaraq qeyd etmişdir: "Əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz töhfəmizi verməkdən ibarət olmalıdır. Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir".
Bu gün ölkəmizdə bir çox dövlət qurumları, elm və təhsil müəssisələri, qeyri-hökumət təşkilatları bu təcrübənin öyrənilməsi və geniş yayılması istiqamətində fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti ölkə Prezidentinin müdrik multikulturalizm siyasətinin həyata keçirilməsində, Azərbaycan multikulturalizminin tədqiqi, tədrisi və təbliğində mühüm rol oynayan əsas qüvvədir. Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycanın multikulturalizm modelinin tədqiqi və təbliği istiqamətində ardıcıl olaraq silsilə tədbirlər həyata keçirilir, çoxsaylı qurumların bu modelin təkmilləşdirilməsi ilə bağlı əlaqəli fəaliyyəti təmin edilir.
Ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verən Heydər Əliyev Fondu Azərbaycan multikulturalizminin inkişafında xüsusi çəkiyə malikdir. Çoxşaxəli, rəngarəng və zəngin fəaliyyəti ilə böyük nüfuz qazanmış Fondun xətti ilə dünyanın bir çox ölkələrində bu qəbildən silsilə tədbirlər keçirilir, beynəlxalq konfranslar və simpoziumlar, təqdimatlar və sərgilər təşkil olunur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xalqımıza xas olan tolerantlığın, ölkəmizdə mövcud olan mədəni, dini və linqvistik müxtəlifliyin qorunmasının təmin edilməsi, Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanıdılması, mövcud multikultural modellərin müqayisəli tədqiqi və təşviqi yolu ilə Azərbaycanın müvafiq modelinin daha da təkmilləşdirilməsi işində qısa müddət ərzində böyük uğurlar əldə etmiş, həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə millətlərarası münasibətlərin və dini tolerantlığın möhkəmlənməsinə yönəlmiş elmi və mədəni tədbirlərə imza atmışdır. Mərkəzin təşkilatçılığı ilə ölkəmizin 28 ali məktəbində, eləcə də Portuqaliya, Almaniya, İsveçrə, İtaliya, Rusiya, Çexiya, Gürcüstan, Litva, Belarus, Bolqarıstan və digər ölkələrin nüfuzlu universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur, ölkə paytaxtında və bölgələrində yerli və xarici ölkə tələbələrinin iştirakı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" adı altında yay və qış məktəbləri, təşkil olunur, tədris proqramları, dərsliklər, Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi və publisistik, siyasi və hüquqi qaynaqlarından bəhs edən dəyərli nəşrlər hazırlanır.
Ölkə başçısının 2014-cü ilin 7 may tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da ölkə rəhbərinin Azərbaycanda multikulturalizmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasəti rəhbər tutaraq, multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin təbliği istiqamətində çalışır. Tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunması və yayılması ilə bağlı tədbirlərin təşkilində Bilik Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.
Fondun "İl boyu bilik" proqramı üzrə ölkənin bütün bölgələri əhatə olunmaqla ötən il ərzində təşkil olunmuş mühazirə və təlimlərin 48%-dən çoxu multikulturalizmə aud mövzular üzərində qurulmuş və respublikanın bütün bölgələrində, eləcə də etnik qrupların kompakt yaşadıqları bölgələrdə keçirilmişdir.
2015-ci ilin 15 sentyabr Bilik günündə Fond ölkənin 161 təhsil müəssisəsində "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda mühazirələr təşkil etmiş, şəhər, rayon, qəsəbə və kənd orta məktəb şagirdləri və ali məktəb tələbələrinin AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin professor və dosentləri, tanınmış ziyalılar, tədqiqatçı və mütəxəssislər, xarici ölkələrin yüksək rütbəli diplomatları ilə görüşünə şərait yaratmışdır.
Bilik Fondunun 2015-ci ildəki fəaliyyəti dövründə multikulturalizmin xalqın həyat tərzinə çevrildiyi Azərbaycana səfər etmiş xarici ölkə nümayəndələrinin ölkəmizdə mədəniyyətlər və dinlərarası münasibətlərin mövcud durumu ilə tanışlığı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Əcnəbi alimlərin və tədqiqatçıların müxtəlif xalqların nümayəndələrinin kompakt yaşadıqları bölgələrə səfərləri, bu bölgələrdəki dini və tarixi abidələrlə tanışlığı, yerli əhali ilə görüşləri təşkil edilmişdir. Beynəlxalq elmi konfranslara və simpoziumlara, mühazirələrə və işgüzar görüşlərə Bilik Fondunun dəvəti ilə qatılmış xarici ölkə alimləri və tədqiqatçıları Quba rayonunda Yəhudi İcmasının nümayəndələri ilə, Qəbələ rayonunda udilərlə, Balakən və Zaqatala rayonlarında avarlar və ingiloylarla görüşmüş, multikultural dəyərə malik tarixi abidələrlə - Qax şəhərində Sumu qala, Ulu körpü, Müqəddəs Georgi kilsəsi, Kürmük məbədi, Şəki şəhərində Cümə məscidi ilə tanış olmuş, Qəbələnin Nic, Zaqatalanın Əliabad qəsəbələrində, Qaxın Qum kəndində Fond tərəfindən keçirilmiş tədbirlərdə iştirak etmişlər.
Bilik Fondu tərəfindən həyata keçirilən və müxtəlif bölgələrdə yaşayıb təhsil alan yeniyetmələr və gənclər arasında bilik "körpüsünün" yaradılmasına xidmət edən "Qardaşlaşmış məktəblər" layihəsində müxtəlif xalqların nümayəndələrinin - Balakəndə avarların, Qəbələdə udilərin, Astara və Lənkəranda talışların, Zaqatalada ingiloyların, İsmayıllıda malakanların təhsil aldıqları orta məktəblər də fəal iştirak etmişlər.
"Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Azərbaycanda yaşayan müxtəlif millətlərin azyaşlı nümayəndələri arasında bilik müsabiqələri və idman yarışları, dəyirmi masalar və ekskursiyalar təşkil olunmuş, Fondun "Kitabi-Dədə Qorqud"un izi ilə" layihəsi çərçivəsində Zaqatala rayonu Əliabad kənd məscidində avar, ləzgi, udi, ingiloy, rus və azərbaycanlı məktəblilərin iştirakı ilə iməcilik keçirilmiş, yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın razılığı əsasında Bilik Fondunun Mixail Arxangel kilsəsində təşkil etdiyi Azərbaycan dili üzrə ödənişsiz danışıq kursları da ölkəmizdə multikultural mühitin zənginləşməsinə xidmət göstərə biləcək addımdır. 9 ay ərzində kilsədə təcrübəli müəllimlər tərəfindən rus millətinin 60-dan çox nümayəndəsinə dövlət dili tədris olunmuş, 418 praktik məşğələ keçirilmiş, interaktiv təlim üsulları tətbiq olunmaqla Azərbaycan dilində şifahi və yazılı nitq bacarıq və vərdişləri aşılanmışdır. Bilik Fondu təlimçiləri və dinləyiciləri dərslik və dərs vəsaitləri, lüğətlər və bədii ədəbiyyat nümunələri ilə təmin etmiş, asudə vaxtın səmərəli təşkili məqsədilə ədəbi-bədii gecələr, teatr tamaşalarına baxış, muzeylərə ekskursiyalar təşkil etmişdir. Azərbaycan dili kursları barədə məlumatlar dəfələrlə AzTV, Space, ANS, ATV, CBC, "Mir", İTV, Region televiziya kanalları, "Kultura-plyus" İnternet televiziyası, AzərTAC, APA, Trend, SİA xəbər agentlikləri, dövrü mətbuat orqanları vasitəsilə ictimaiyyətə çatdırılmışdır.
Bu il Azərbaycan dili üzrə təlimlər Bakı şəhərində yerləşən daha iki pravoslav kilsəsində və Alban-Udi Xtistian İcmasının müraciəti əsasında Qəbələ rayonunun udilərin kompakt yaşadıqları Nic qəsəbəsində də təşkil ediləcəkdir.
2015-ci ilin iyul ayında Fondun əməkdaşları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Xaçmaz, Quba və Qusar rayonlarında 9 xarici ölkədən (Belarus, Bolqarıstan, Gürcüstan, İtaliya, Litva, Çexiya, Rusiya, Ukrayna, Türkiyə) 49 və Azərbaycandan (Bakı, Lənkəran, Gəncə, Naxçıvan) 19 tələbənin iştirakı ilə keçirilmiş "Multikulturarlizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" Yay Məktəbinin təşkilində fəal iştirak etmişlər. Yay Məktəbində Bilik Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili Sahibə Qafarovanın, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun və şöbə müdiri Nəriman Qasımzadənin, Almaniyanın Augusburg Universitetinin professoru Klaus Volfun, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşları Etibar Nəcəfovun, Həcər Verdiyevanın, Anna Bayramovanın və Sərraf Hüseynovun, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin, İsrailin Hayfa Universitetinin doktorantı Arye Qutun, Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterovun, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin mühazirələri təşkil edilmişdir.
Bilik Fondunun icraçı direktoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə xarici ölkələrin ali məktəblərində tədris olunan "Azərbaycan multikulturalizmi" fənninin tədrisi prosesinin təkmilləşdirilməsi məqsədilə Belarus Dövlət Universitetində keçirilmiş monitorinqdə iştirak etmişdir.
Fond tərəfindən yaradılmış ilk Bilik Evləri də məhz müxtəlif etnik qrupların birgə yaşadıqları Qax və Oğuz rayonlarında fəaliyyətə başlamışdır.
Ölkəmizdə yaşayan müxəlif millətlərin nümayəndələri Bilik Fondunun tədbirlərində fəal iştirak edirlər. Dekabr ayında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və İsrail məktəblilərinin iştirakı ilə keçirilmiş Beynəlxalq Şagird Konfransında azərbaycanlılarla yanaşı, yəhudi, talış, avar, ləzgi, tatar, udi, malakan, gürcü, rus məktəbliləri də iştirak etmişlər. Bu cür rəngarənglik fevral ayında təşkil olunmuş "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində Bilik Fondunun Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin iştirakı ilə həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsində də müşahidə olunmuşdur.
Bilik Fondunda müxtəlif millətlərin nümayəndələri ilə görüşlər, onların aktual mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirakı ənənəyə çevrilmişdir. Ötən il ərzində ləzgi, avar, yəhudi, ingiloy, kürd, udi, talış, tat, rus və digər xalqların təmsilçiləri dəfələrlə Fondun qonağı olmuş, əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərdə fəal iştirak etmişlər.
Bilik Fondu Prezident İlham Əliyevin ölkədə millətlərarası, mədəniyyətlər və dinlərarası münasibətlərin möhkəmlənməsinə və inkişafına yönəlmiş multikulturalizm siyasətini rəhbər tutaraq, ölkəmizdə "Multikulturalizm ili" kimi elan olunmuş 2016-cı ildə də bu istiqamətdə maarifləndirici fəaliyyətini təkmilləşdirmək və daha da genişləndirmək əzmindədir.