PDF Oxu

Sosial

  • 104

Əlillərin sosial-hüquqi müdafiəsinə dair dövlət siyasəti

Əlillərin sosial-hüquqi müdafiəsinə dair dövlət siyasəti

Ulu Öndər Heydər Əliyevin əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi fəaliyyətin əsas istiqamətlərindən birini də bu sahədə müvafiq qanunvericlik aktlarının qəbulu və beynəlxalq sazişlərin ratifikasiyası təşkil edir. Həyata keçirilmiş tədbirlər nəticəsində sosial sferanın hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilmiş, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində sosial modelin Azərbaycan cəmiyyətində yeni yanaşma kimi formalaşması əlilliyi olan şəxslərin cəmiyyətin bərabərhüquqlu üzvü kimi qəbuluna imkan yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nda göstərilir ki, hazırda respublika üzrə təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq vardır və onların sayının əvvəlki illərlə müqayisədə artımı müşahidə olunur. Belə uşaqların əksəriyyətini sosial yetimlər, yəni valideynləri tərəfindən atılmış uşaqlar təşkil edir. Valideyn himayəsindən məhrum uşaqların yerləşdirilməsi formaları üzərində daim axtarışlar gedir. Hesab edirik ki, uşağın tərbiyə üçün başqa ailəyə verilməsinə, ailənin uşağı övladlığa və ya himayəyə götürməyə hazırlanmasına kompleks şəkildə yanaşılmalıdır və bu yeni tip müəssisələr - valideyn himayəsindən məhrum uşaqlara yardım mərkəzləri tərəfindən həyata keçirilməlidir. Son illər uşaq evlərində saxlanma şəraitinin və psixoloji-pedaqoji reabilitasiyanın təşkilinin yaxşılaşdırılması uşaqların ailələrə adaptasiyası imkanlarını xeyli artırır.

Mais Əliyev yazır: "Hazırda respublikamızda sağlamlıq imkanları məhdud uşaqlar (əlil uşaqlar), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün ixtisaslaşdırılmış müəssisələrdə yüzlərlə uşaq tərbiyə olunur. Məhz həmin uşaqlara münasibətdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi davamlı sosial siyasət kursu nəticəsində, dövlət və qeyri-dövlət yardımının yeni formaları fəal surətdə həyata keçirilmiş və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Artıq son dövrlər dövlət yardımı ilə yanaşı, qeyri-dövlət yardımı formaları da bu sahədə daha fəal şəkildə özünü büruzə verir. Məhz Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyət nəticəsində, əldə olunmuş yüksək nailiyyətlər bunu deməyə əsas verir. Uşaq evlərinin, mədəniyyət, sağlamlıq, təhsil mərkəzlərinin və tibbi təsisatların inkişaf etdirilməsini özünün başlıca fəaliyyət məqsədlərindən biri elan etmiş Heydər Əliyev Fondu əlil uşaqlarla əlaqədar irimiqyaslı proqramlar həyata keçirməkdədir. Fond tərəfindən əlil uşaqlarla yanaşı, kimsəsiz, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, eləcə də qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara hərtərəfli yardım göstərilir, uşaq evləri və internat məktəblərində təmir-bərpa işləri aparılmaqla onların sosial şəraiti əsaslı şəkildə yaxşılaşdırılır. Bütün bu fəaliyyətlər isə Heydər Əliyev Fondunun Ümummilli Liderin sosial siyasət kursuna sadiqliyinin bariz nümunəsidir".

M.Əliyevin fikrincə, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi davamlı sosial siyasət kursunun daha uğurlu perspektivləri baxımından, hesab edirik ki, Azərbaycan dövləti, ilk növbədə əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyi BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının tələblərinə uyğunlaşdırmalı və əlillərin tam şəkildə cəmiyyətə inteqrasiyası üçün real icra mexanizminə malik olan qanunvericilik aktları qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyası (12,16,17, 25 və 38-ci maddələr), BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası və "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu baxımından əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün hazırlanan qanun layihəsində aşağıdakı təkliflərin nəzərə alınması məqsədəmüvafiq hesab edilir:

1) Qanunvericilik texnikası baxımından, hesab edirik ki, qanunun adı konkret olmalıdır. Təklif edirik ki, qanun "Əlilliyi olan şəxslərin hüquqları və sosial inteqrasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu kimi adlandırılsın. Ona görə ki, əlilliyi olan şəxslər dedikdə həm əlillər, həm də sağlamlıq imkanları məhdud olan uşaqlar nəzərdə tutulur. Sosial inteqrasiya anlayışı isə geniş anlayış olmaqla, özündə həm də əlilliyin qarşısının alınması, onların reabilitasiyası və bütövlükdə, sosial təminatı məsələlərini əhatə edir.

2) Hesab edirik ki, qanunda əlilliyi olan şəxslərlə yanaşı, əlilliyin leqal anlayışının aşağıdakı kimi təsbit edilməsi məqsədəmüvafiq olardı: "Əlillik - şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan və onun həyat fəaliyyətini məhdudlaşdıran davamlı fiziki, zehni, əqli və hissi çatışmazlıqdır".

3) Qanun layihəsində aşağıdakı müddəaların təsbit edilməsi Konvensiyanın tələbləri baxımından məqsədəmüvafiq olardı:

* əlilliyi olan şəxslər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir;

* bu ayrı-seçkiliyə qanunla nəzərdə tutulan müvafiq uyğunlaşdırmanın təmin edilməməsi daxildir;

* müvafiq uyğunlaşdırma əlilliyi olan insanların digərləri ilə bərabər şəkildə bütün insan hüquqları və əsas azadlıqlarından bəhrələnməsi və istifadə etməsi üçün zəruri hallarda qeyri-mütənasib və əsassız olaraq çətinliklərin yaradılmaması məqsədilə düzəlişlərin edilməsidir;

* əlilliyi olan insanların digərləri ilə eyni dərəcədə seçim imkanı olması şərtilə icmada yaşamaq hüququ vardır. Əlilliyi olan insanların digərləri ilə bərabər şəkildə sosial infrastruktur, ümumi təhsil sistemi və iş imkanlarına malik olmasına dövlət tərəfindən təminat verilir. Bu insanların hər hansı mərhələdə məcburi şəkildə xüsusi yaşayış yerinə və yaxud xüsusi təhsil müəssisələrinə ayrılmaları və təcrid olunmaları qadağandır.

4) Tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində şəffaflığı təmin etmək üçün komissiyanın tərkibinə ictimai və qeyri-hökumət təşkilatlarından nümayəndələrin daxil edilməsi "Əlilliyi olan şəxslərin hüquqlarına dair" BMT Konvensiyasının tələbləri baxımından düzgün olardı.

Hesab edirik ki, uşaqların, xüsusən də, sağlamlıq imkanları məhdud uşaqların kompleks müdafiəsi sistemini əks etdirən təkmil bir qanun qəbul edilməlidir. Həmin qanuna uşaqların sosial müdafiəsi məqsədi ilə, digər məsələlərlə yanaşı, aşağıdakılar da daxil edilməlidir:

* zorakılıq, valideyn tərəfindən və ya əməyinin istismarı təhlükəsi qarşısında qalan uşaqlar haqqında məsələlər;

* həmin təhlükə halları haqqında məlumatların verilməsi proseduru və bundan sonra görüləcək tədbirlər;

* uşaqların müdafiəsinə dair yerli və milli səviyyədə yaradılacaq orqanların vəzifə və səlahiyyətləri;

* uşağın bioloji ailədən fövqəladə hallarda ayrılmasını əhatə edən meyarlar;

* uşağın təcili təhlükəsizliyi və rifahını, eləcə də uzunmüddətli qayğısını və inkişafını nəzərə alaraq, qiymətləndirmə meyarları;

* müdafiə təyinatlı istənilən uşağın özü, onun ailə vəziyyəti və ehtiyacları barədə ətraflı qiymətləndirmənin aparılması meyarları;

* uşaqların valideyn davranışından və ya valideyn nəzarətindən kənarda qaldığı zaman zərər çəkməsi və ya zərər çəkmək təhlükəsi olduqda, onların mənafeyi naminə bioloji ailədən ayrılması məsələləri və bu zaman valideynlərin öz hüquqlarından məhrum edilməsi haqqında qərarların verilməsi həddi;

* uşaqlara aid olan qərarların qəbulunda mümkün olan bütün hallarda onların iştirakının təmin edilməsi;

* uşaqların sosial müdafiəsi üzrə milli məlumat bazasının yaradılması;

* sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün təyin ediləcək qəyyuma dair meyarlar, onun təyin olunması prosedurları və qəyyumun uşağın qohumlarından təyin edilməsinə üstünlük verilməsi məsələsi;

* yeddi yaşdan aşağı uşaqlara himayəçilik xidmətlərinin göstərilməsi mexanizmlərinin hazırlanması;

* himayəçi və qəyyum kimi təyin olunmaq üçün daha çox uşağa baxmaq arzusunda olan valideynlərin cəlb edilməsi məqsədilə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi və həmin səxslərə kompensasiyanın ödənilməsi məsələləri.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və elmi cəhətdən əsaslandırılmış sosial siyasətinə uyğun olaraq, hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında əlilliyi olan şəxslərin BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında təsbit edilmiş hüquqlarının tam şəkildə reallaşdırılması və Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından, irimiqyaslı layihələr həyata keçirilir. Bununla əlaqədar iqtisadi, təşkilati və hüquqi tədbirlərin həyata keçirilməsi, eləcə də mərkəzləşdirilmiş və lokal səviyyələrdə sosial təminat normalarının təkmilləşdirilməsinə zərurət vardır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər