Qlobal bir kəndə çevrilmiş dünyamız tarixin heç bir dövründə olmadığı qədər bu gün mədəniyyətlərin ittifaqına və birgəyaşayış ənənəsinin inkişaf etdirilməsinə möhtacdır. Lakin çox təəssüf ki, dövrümüz dünyasında bu ənənəni təhdid edən ünsürlərin sayı heç də az deyil. İslam şərqində ənənəvi islami dəyərlərə zidd olan radikal görüşləri müdafiə edən çox sayda qrupun, habelə Qərb dünyasında heç də sayları az olmayan ultra-millətçi və ksenofob axımların mövcudluğu və fəaliyyətləri narahatçılığa əsas verir. Şübhəsiz ki, fəaliyyətlərini mədəniyyətlərin ittifaqı deyil, ixtilafı üzərində quran belə qrupları bəsləyən faktorlar təkcə dini-nəzəri ixtilaflar deyil. İctimai-siyasi amillər, cəmiyyətlərdəki iqtisadi bərabərsizliklər və başqa bir çox səbəblər də insanların radikallaşmasını şərtləndirən amillərdir. Konkret dini amillər haqqında onu söyləmək mümkündür ki, xüsusilə İslam dünyasında orta əsrlərdə mövcud olmuş təsəvvüfi-irfani dəyərlərə söykənən ənənəvi tolerant dini düşüncədən fərqlənən, dini mətnlərə literal yanaşan, onları kontekstindən çıxararaq başqalarına qarşı dözümsüz fikirlərinin dayağına çevriməyə çalışan qruplar öz təsir dairələrini get-gedə artırır.
Bunun qarşısını almaq üçün dinin ənənəvi ümumbəşəri dəyərlərinin modern insanın düşüncəsinə xitab edəcək şəkildə təqdim və təbliğ edilməsi böyük əhəmiyyət kəsb edir. Müsəlman teoloqlara və din xadimlərinin üzərinə bu baxımdan böyük bir öhdəlik düşür. Həmçinin unutmamaq lazımdır ki, Qərbdəki bəzi dairələrində hakim olan islam dünyasına və islam dəyərlərinə qarşı aşağılayıcı baxışlar da müsəlmanlar arasında radikallığın artmasına xidmət edir. Bu baxımdan hər iki dünyada da radikalların deyil, mədəniyyətlərarası ittifaqın tərəfdarlarının səslərinin daha çox çıxmasına ehtiyac var. Qeyd etmək lazımdır ki, ölkəmizdə tarixən formalaşmış mutlikultural dəyərlərə söykənən birgəyaşayış ənənəsi dünyamızın bu gün üz-üzə qaldığı bu problemlərin həllinə öz müsbət töhfəsini verə bilər.
Bildiyimiz kimi Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olmuşdur. Burada tarix boyunca Zərdüştlik, Yəhudilik, Xristianlq və İslam kimi dünyanın böyük dinlər yayılmışdır. Tarixdə olduğu kimi günümüzdə də bu vəziyyət eynilə davam edir. Heydər Əliyev bu reallığı "Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır" şəklində ifadə etmişdir. Hal-hazırda ölkəmizdə üç İbrahimi dinin nümayəndələri birlikdə yaşayır və aralarında ictimai zəminda hansısa bir problem yaşamırlar.
Bunun bir sıra obyektiv səbəbləri vardır. Bu səbəbləri üç əsas başlıq altında toplamaq mümkündür. Bunlardan birincisi azərbaycan xalqının ictimai strukturunun ifratçılığa meylli olmamasıdır. XII-XIII əsrlərdə yaşamış məşhur coğrafiyaşünas Yaqut əl-Həməvi özünün məşhur əsəri olan "Mü`cəmul-büldan"-da hələ o dövrdə belə Azərbaycan əhalisinin mülayim xasiyyətli olduğundan bəhs etmişdir. Həqiqətən də Azərbaycan xalqı tarix boyunca ifrat meyllərdən uzaq olmuşdur. Təsadüfi deyil ki, istər keçmişdə, istərsə də hal-hazırda müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Fikrimi konkret bir faktla əsaslandırmaq istəyirəm. Azərbaycanın Qəbələ rayonunda etnik udilərin yaşadığı Nic adlı bir kənd var. Udilər yerli azərbaycanlılardan fərqli bir etnik bir qrup olmaqla yanaşı həm də dünyada mövcud olan ən qədim xristian kilsələrindən biri olan Qafqaz-Alban kilsəsinə mənsubdurlar. Əhalisinin demək olar ki, hamısı müsəlman olan Qəbələdə ancaq bu kəndin əhalisinin çoxunu xristian udilər təşkil edirlər. Əsrlərcə müsəlman çoxluğun içində yaşasalar da tarix boyunca udilər istər etnik, istərsə də dini zəmində heç bir diskriminasiyaya məruz qalmamışlar. Bu gün Nic kəndində udilərlə birlikdə müsəlmanlar da yaşayır və hər iki konfesiyanın nümayəndələri bir-birlərinin dini bayramlarında iştirak edir və dostluq şəraitində yaşayırlar. Azərbaycanın başqa bir bölgəsi olan Quba bölgəsinin "Qırmızı qəsəbə" adlanan bir məntəqəsində də "dağ yəhudiləri" adlanan yahudi qrup da eyni şəkildə tarix boyunca burada azad bir şəkildə öz dinləri çərçivəsində yaşamışlar. Bu faktların sayını artırmaq mümkündür. Bütün bunların ölkəmizdə yaşayan əhalinin ifratçılıqdan uzaq bir sosial struktura sahib olduğunu göstərir.
Azərbaycanda xüsusilə yəhudi və xristian icmalarının müsəlmanlarla birlikdə sülh şəraitində yaşamalarını təmin edən səbəblərdən biri də ölkənin böyük əksəriyyətinin dini olan İslam dininin başqa dinlərə qarşı ehtiramı olmuşdur. Heydər Əliyev də məhz bu həqiqəti "Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar. Bunu bizə Qurani-Kərim və Peyğəmbər həzrət Məhəmməd tapşırıbdır" və "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki, bu dinlərin hamısı Allahdan gəlir" şəklində ifadə edərək həm Qurani-Kərimə həm də peyğəmbərimizin hədislərinə nəzər saldıqda dinin bu iki əsas mənbəyində başqa dindən və fikirdən olan insanlara qarşı dözümlü münasibətin öz əksini tapdığını və radikallığın əsas göstəricisi olan dözümsüzlüyün rədd edildiyini vurğulamışdır. Məsələn, Quran İslam ümmətini "orta bir ümmət" (Bəqərə, 143) kimi təqdim edir. Orta ümmət bütün ifrat meyllərdən uzaq olan ümmətdir.
Quran, eyni zamanda, radikal cərəyanların əsas xüsusiyyətlərindən olan dinin əmrlərini zorla insanlara mənimsətmək və öz dinlərini başqa dindən olanlara zorla qəbul etdirmək kimi fikirlərə mənfi münasibət göstərir. "Dində məcburiyyət yoxdur" (Bəqərə, 256) və "sizin dininiz sizə mənim dinim mənə" (Kafirun, 6) ayələri bunun ən bariz nümunəsidir. Peyğəmbərin Mədinədə qurduğu kiçik şəhər dövlətində yəhudilər və hətta müsəlmanlara toxunmayan bütpərəstlər belə öz dinlərini sərbəst bir şəkildə yaşama hüququna sahibdilər. Peyğəmbər Nəcrandan gələn xristian heyətinə Məscidi-nəbəvidə (Peyğəmbər məscidi) öz ibadətlərini icra eləmələrinə icazə vermişdir. Yenə peyğımbərimizin həyatından bəhs edən tarixi mənbələrdə nəql olunan aşağıdakı tarixi fakt İslamın başqa dinlərə qarşı olan dözümlülüyünü əks etdirir:
Mənbələrdə qeyd olunduğuna görə bir gün peyğəmbər səhabələrindən bir qismi ilə oturarkən bir cənazə qafiləsi onlara yaxınlaşdı. Cənazə onların yanından keçərkən peyğəmbər ehtiram əlaməti olaraq ayağa qalxdı. Yanındakılar "Ey Allahın elçisi, bu axı yəhudi cənazəsidir" dedilər. O da "Məgər o insan deyilmi?" dedi. Bu konteksdə peyğəmbərin kürəkəni və əmisi oğlu olan İmam Əlinin Misirə vali kimi göndərdiyi Malik Əştərə etdiyi tövsiyə çox mənalıdır. O, Malikə xitabən demişdir: "İnsanlar iki cürdür. Bir qismi sənin dində qardaşların, yəni müsəlmanlar, digərləri isə insanlıqda qardaşlarındır". Bu sözlər bəlkə yirmi birinci əsrdə yaşayan insanlar üçün adi görünə bilər. Lakin nəzərə alsaq ki, bunlar təqribən min dörd yüz il bundan qabaq hələ insanlığın quldarlıq qurluşunda yaşadığı, qara dərililərin ağ dərililər tərəfindən insan kimi qəbul edilmədiyi bir dövrdə deyilib, o zaman bunların nə qədər dəyərli olduğu aydın olar.
Azərbaycanın birgəyaşayış modeli təkcə dinlər və mədəniyyətlərarası münasibətlərdə deyil, eyni zamanda İslam daxilindəki məzhəblərarası münasibətlərdə də tarixən nümunəvi bir xarakterə malik olmuşdur. Məzhəblər İslam dünyasının bir reallığıdır. Bu da bir həqiqətdir ki, məzhəblərarası münasibətlər heç də həmişə müsbət bir yöndə inkişaf etməmiş, siyasi və sosial səbəblərin təsiri ilə bəzi müsəlman ölkələrində məzhəblər arasında ədavət yaradılmışdır. Bu gün belə İslam dünyasının bir çox bölgəsində məzhəb mərkəzli münaqişələri üzülərək seyr edirik. Azərbaycan bu baxımdan da bütün İslam dünyasında örnək bir ölkədir. Tarix boyunca ölkəmizdə İslamın iki böyük məzhəbinin mənsubları yaşasa da, onların arasında heç vaxt məzhəb zəminində mənfi hallar baş verməmişdir. Xüsusilə 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində azərbaycanlı aydınlar İslam dünyasında məzhəbi ixtilafların aradan qaldırılması üçün həm fikri həm də praktiki baxımdan bir çox fəaliyyətlərə imza atmışlar. Bunların arasında Seyyid Əzim Şirvani, Mir Həmzə Nigari, Mirzə Əliəkbər Sabir, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağa oğlu kimi mütəfəkkirləri xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyildir ki, İslam dünyasında ilk məzhəblərüstü təfsir proyektini başladanlardan biri azərbaycanlı Mir Məhəmməd Kərim Bakuvi olmuşdur. Bu alimin qələmə aldığı Kəşful-həqaiq adlı təfsiri əhli sünnə və şiə məzhəblərinin hər ikisinin görüşlərini tərəfkeşlikdən uzaq bir şəkildə özündə ehtiva edir. Tarixdə olduğu kimi günümüzdə də Azərbaycanda hər iki məzhəbin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu model bü gün İslam dünyasının eytiyac duyduğu bir modeldir.
Qeyd edilməlidir ki, Azərbaycan Qafqazda tolerantlığın və birgəyaşayışın qarantı olan irfani-sufi həyatın mərkəzi olmuşdur. Belə ki, nəinki Qafqazın, hətta Osmanlı dövləti başda olmaqla İslam dünyasının bir çox bölgəsinin dini həyatında önəmli rol oynamış xəlvətiyyə təriqətinin mərkəzi məhz Azərbaycan olmuşdur. Təriqəti sistemləşdirən və intişar tapmasını təmin edən əsas şəxsiyyət Seyid Yəhya Bakuvi Şirvani məhz ölkəmizdə yaşayışıb-yaratmışdır. Bir versiyaya görə təriqətin qurucusu Ömər Xəlvəti də Şamaxıdandır. 19-cu əsrdən başlayaraq bütün Şimali Qafqaz bölgəsinin müsəlman əhalisinin dini-irfani dünyasını müəyyənləşdirən əsas mürşid də Azərbaycanlı Şeyx İsmayıl Şirvani (Kürdəmiri) olmuşdur. Bu sufi mütəfəkkir bütün Qafqazda tolerantlığa əsaslanan ictimai strukturun formalaşmasında önəmli rola malik olmuşdur. Yetişdirdiyi tələbələr vasitəsilə Qafqazda sufiiyi yayan Şirvani bölgədə məzhəblərarası münasibətlərinin müsbət məcrada davam etməsində xüsusi rola malik olmuşdur. Onun tələbəsi olan Mir Həmzə Nigari məzhəblərarası münasibətə baxışında müəllimindən də qabağa getmiş, xüsusən Qarabağ və Qazax-Borçalı bölgələrində hər iki məzhəbin dəyərlərini birləşdirən bir təsəvvüf ənənəsinin əsasını qoymuşdur.
Şeyx İsmayıl Şirvaninin bu ənənəsi təkcə Azərbaycanda deyil, bütün Qafqaz müsəlmanları arasında yayılmış və beləcə həm bölgədəki müsəlman xalqlarının eyni ənənə ətrafında birləşərək bir-biri ilə müsbət əlaqə qurmalarına, həm də digər dinlərdən olan insanlara qarşı dözümlü yanaşmalarına böyük töhfə vermişdir. Bu ənənə Qafqaz xalqlarının birləşərək yadelli işğalçılara qarşı mübarizə aparmalarında da böyük rola malik olmuşdur. Belə ki, Şirvaninin fikirlərini Şimali Qafqazda davamçısı Xas Məhəmməd Şirvani, daha sonra isə Məhəmməd Yaraği və Cəmaləddin Qazıkumuki davam etdirmişdir. Yarağinin müridi olan Qazi Məhəmməd və onun davamçısı Həmzə bəy Qafqazı işğal edən ruslara qarşı mübarizə aparmış və nəticədə qətlə yetirilmişlər. Lakin Qafqaz xalqlarını birləşdirərək işğalçılara qarşı əsl mübarizəni Qazıkumukinin müridi olan və elmi ədəbiyyatda "müridizm" hərəkatının lideri kimi tanınan Şeyx Şamil aparmışdır. Şeyx Şamil də öz müəllimləri kimi məhz İsmayıl Şirvani ənənəsinə mənsub olmuşdur.
Müxtəlif dini qrupların problemsiz bir şəkildə yaşamasını təmin edən Azərbaycan modelinin müvəffəqiyyəli olmasının ən əsas səbəblərindən biri də Azərbaycan dövlətinin dünyəvi strukturu və dövlətin ölkə ərazısındə yaşayan bütün dinlərə və məzhəblərə eyni münasibəti göstərməsidir. Hüquqi dünyəvilik prinsipi hələ 1918-ci ildə qurulan və İslam şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyəti dövründən Azərbaycanda qəbul olunmuşdur. 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycan respublikası da bu prinsipi qəbul etmiş və dövlətin idarəsində heç bir dini dünyagörüşünü əsas almamış, eyni zamanda insanların öz dinlərini sərbəstcə yaşamalarını da təmin etmişdir. Hətta deyə bilərik ki, dövlət dini qrupların başda maddi problemlər olmaqla qarşılaşdıqları problemlərin həllində də dini icmalara köməklik göstərmişdir. Sovet dövründə dağıdılan bir çox məscid, kilsə və sinaqoq dövlət tərəfindən təmir edilmiş, bəziləri isə yenidən tikilərək inananların istifadəsinə verilmişdir.
Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi ilə tənzimlənir. Lakin Azərbaycanda tətbiq olunan dünyəvilik prinsipi dini cəmiyyətin həyatından təcrid etməyi qarşısına məqsəd qoyan ekskluzivist bir dünyəvilik anlayışı deyildir. Bu öz ifadəsini ən gözəl şəkildə Heydər Əliyevin "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik" sözlərində tapır. Bu gün Azərbaycanda Sovet dövründə zərbə alan islami ənənənin dirçəldilməsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Heydər Əliyevin "Dinimiz xalqımızın milli-mənəvi sərvətidir" sözü bu gerçəkliyin ifadəsidir. Təkcə onu qeyd etmək kifayət edir ki, müstəqilliyimizi əldə etdiyimiz dövrdə Azərbaycanda 18 məscid fəaliyyət göstərdiyi halda bu gün iki mindən çox məscidimiz var və bu ibadətgahların bir çoxun bərpası dövlət tərəfindən həyata keçirilmişdir. Ölkəmizdə istər dağıdılmış dini abidələrin bərpasına, istərsə də yeni dini ibadətgahların tikilməsinə dövlət tərəfindən maddi dəstək verilir. Bibi Heybət, Təzəpir, Əjdərbəy, Şamaxı came-məscidləri, Gəncə İmamzadə kompleksi kimi önəmli ibadət ocaqları dövlət vəsaiti ilə bərbası olumuş, Heydər məscidi başda olmaqla bir çox ibadət ocağı inşa edilmişdir.
Nəticə olaraq qeyd etmək mümkündür ki, Azərbaycanda tarixən formalaşmış birgəyaşayış dünyada mövcud olan nümunəvi modellərdən biridir və bu modelin öyrənilməsi multikultural dəyərlərin təbliği və tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir.