PDF Oxu

Sosial

  • 103

AMEA-da "Molla Nəsrəddin" jurnalının 110 illiyi qeyd edilib

AMEA-da "Molla Nəsrəddin" jurnalının 110 illiyi qeyd edilib

Dünən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında "Molla Nəsrəddin" jurnalının 110 illiyinə həsr olunan "Sizi deyib gəlmişəm..." mövzusunda elmi konfrans keçirilib.Konfrans Ədəbiyyat İnstitutunun, AMEA-nın Alimlər Evinin və Cəlil Məmmədquluzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Öncə tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının zəngin fəaliyyətini əks etdirən sərgi ilə yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən və şərəfli tarixindən söz açıb.

Qeyd olunub ki, "Molla Nəsrəddin"in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi və redaktorluğu ilə Azərbaycanın ilk satirik jurnalının, ümumilikdə 25 ildə 748 nömrəsi işıq üzü görüb. Dahi yazıçı bu jurnalın nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Jurnalda müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Burada, əsasən, dövrün sosial-siyasi problemləri sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib. Jurnal, eyni zamanda, azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı olan "Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi.

Konfransda vurğulanıb ki, C.Məmmədquluzadənin rəhbərliyi ilə mollanəsrəddinçi şairlər Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin" ədəbi məktəbi"ni yaradıb, milli istiqlal ideyaları və realist-satirik ədəbiyyatın inkişafı uğrunda mübarizənin möhkəm ideya-siyasi cəbhəsini formalaşdırıblar.

"Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplaya bilib. Dövrünün tanınmış sənətkarlarından Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış Molla Nəsrəddin jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb olub. Bu jurnal Azərbaycanda realist-demokratik və satirik-realist ədəbiyyatın yaranmasına çox böyük təkan verib.

Konfransda "Molla Nəsrəddin" jurnalının Təbriz dövrü", "Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı" və digər mövzularda məruzələr dinlənilib.

NƏZAKƏT

Digər xəbərlər