PDF Oxu

Sosial

  • 97

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mühüm beynəlxalq hadisədir

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mühüm beynəlxalq hadisədir

Ölkəmizin bütün sahələrində kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də beynəlxalq səviyyədə qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olan amillərdir. Bütün bu uğurlarla bərabər, bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini də vurğulamalıyıq. Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından belə böyük əhəmiyyət kəsb edir. Tədbirlərdə bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar və s. ətrafında məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunur.

Bütün bu və ya digər beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir.

Azərbaycan, bütün başqa sahələrdə olduğu kimi, tolerantlıq, multikulturalizm baxımından da bir sıra ölkələr üçün uğurlu nümunəyə çevrilib. Əlbəttə ki, müasir dövrümüzdə Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyindən, ölkəmiz çoxmillətli və çoxdinli bir ölkə kimi tanınıb. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Bu baxımdan, bir çox dünya dövlətlərindən fərqli olaraq Azərbaycanda yüksək tolerantlıq, multkulturalizm nümayiş etdirilir.

Əminliklə qeyd edə bilərik ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərinin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Məhz elə bu günlərdə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da bundan qaynaqlanır. Məlumdur ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Qlobal Forum indiyədək ölkəmizdə keçirilən bu qəbildən beynəlxalq tədbirlər arasında ən genişmiqyaslısı olacaq. Forumda BMT-nin yüksək vəzifəli əməkdaşları, bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə 146-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri qatılacaq.

Əlbəttə ki, ölkəmizə gələcək forum iştirakçıları bir daha Azərbaycandakı fərqli milli, dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin ölkəmizin beynəlxalq nüfuzunun təsdiqi baxımdan əhəmiyyətini vurğulayaraq demişdir:"Sözügedən tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin BMT tərəfindən yüksək qiymətləndirilməsinə dəlalət edir. Bildiyiniz kimi, Bakı şəhəri, ənənəvi olaraq humanitar forumlara ev sahibliyi edir və biz artıq bir neçə dəfə mədəniyyətlərarası dialoq mövzusunda təşkil olunan ümumdünya forumlarına ev sahibliyi etmişik. Sivilizasiyalar Alyansının Qlobal Forumunun paytaxt Bakı şəhərində keçirilməsi isə bizim üçün böyük şərəfdir və bizə yüksək dəyər verildiyini bir daha təsdiq edir".

Qeyd edək ki, forumun keçirildiyi üç gün müddətində "Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər", "Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət", "Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi", "Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri", "Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu", "Davamlı və inklüziv inkişaf naminə idman", "Qlobal miqrasiya prosesində şəhərlərin rolu", "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu", "Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu", "Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi", "Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması", "Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr", "Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi" və digər mövzularda seminarlar keçiriləcək. Yekunda birlikdə "Bakı bəyannaməsi" qəbul olunacaq. Artıq Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunmuş, alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilmişdir. Qlobal Forumun mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacağı şübhəsizdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər