PDF Oxu

Sosial

  • 120

AZƏRBAYCANIN DÜNYAYA MESAJI: TOLERANTLIQ İNKİŞAF VƏ SABİTLİYİN ƏSAS FORMULUDUR

AZƏRBAYCANIN DÜNYAYA MESAJI: TOLERANTLIQ İNKİŞAF VƏ SABİTLİYİN ƏSAS FORMULUDUR

Sahibə Qafarova,

Milli Məclisin deputatı,

Bakı Slavyan Universitetinin prorektoru

Tarixin inkişaf mərhələlərində xalqlar bir çox nailiyyətlərə imza atıb, inqilabi dəyilşikliklərə və xalqların gələcəyini müəyyənləşdirən əhəmiyyətli yeniliklərə şahidlik ediblər. Lakin zaman keçdikcə, bu yeniliklər heç də bütün bəşəriyyətin firavan həyatına xidmət etməyib. Əksinə, bəzi hallarda inkişaf və dəyişimlər sivilizasiyaların toqquşmasına, xalqların, toplumların fəlakətinə rəvac verib. Bunların məntiqi nəticəsi olaraq isə hazırda dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır. Bir tərəfdən baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər tərəfdən siyasi müstəvidə baş verən qarşıdurmalar ictimaiyyəti ciddi narahat edir. Bunlarla yanaşı, dini, irqi zəmində ayrı-seçkilik, bunun şərtləndirdiyi dərin kataklizmlər və terror dalğası bizi narahat etməyə bilməz. Xüsusilə, son illərdə baş verən qanlı terror hadisələri bir daha bu reallığı sübut edir ki, heç bir xalq, heç bir dövlət bu kimi mənfi hadisələrdən sığortalanmayıb. Ona görə də əməkdaşlıq, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün bəlkə də heç vaxt olmadığı qədər dəyərli və vacibdir. Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumları səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Multukultural təhlükəsizliyin təmin olunması həm də cəmiyyətlərdə inkişaf ahənginin, sülh və barışın, ədalətli balansın defakto reallaşdırılması deməkdir.

Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik, millətçilik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir. Ona görə də dünya xalqları və onların iradəsini ifadə edən milli hökumətlər bu məsələlərin həllinə diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər.

Müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı olan xalqlar bəşəriyyətin əsas dəyəri olmaqla dünyamızın rəngarəngliyini təmin edirlər. Hər xalq öz zəngin adət-ənənələrini, mədəniyyətini, folklorunu, elmi-texniki nailiyyətlərini təqdim etməklə, dünyanı daha da zənginləşdirir və bu zənginlik üzərində qlobal inkişaf təmin olunur.

Məhz bu və digər səbəblər üzündən də zaman-zaman ayrı-ayrı cəmiyyətlərin qabaqcıl ziyalıları, mütəfəkkir insanlar tərəfindən bütün Yer üzünün xalqlarını dostluğa və qardaşlığa səsləyən çağırışlar edilib. Dünyadakı milli-dini-irqi müxtəlifliyi təcəssüm etdirən çoxlu simvolikalar yaranıb. Cəmi bir neçə ay bundan əvvəl - ötən ilin yayında Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini nəzərə alaraq, məhz Olimpiya Oyunlarının əsas simvollarından biri olan halqaları xatırlayaq. Bu simvol ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rənglərdə olan beş bir-birinə birləşdirilmiş halqadan ibarətdir. Haqqında bəhs olunan simvol Olimpiya Oyunlarının XX əsrdə yenidən bərpa olunmasının təşkilatçılarından olan Baron Pyer de Kuberten tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin qənaətinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir. Kuberten 1912-ci ilin Olimpiadasında sonradan bütün dünya tərəfindən qəbul edilən simvolu belə təqdim etmişdi: "Bu beş rəng istisnasız olaraq, bütün xalqların rənglərini özündə cəmləşdirib".

Yer üzündə xalqlar və mədəniyyətlər arasında həmrəyliyin gücləndirilməsi ilə bağlı daha bir çağırış UNESCO-dan gəlib. Hazırda hər il 16 noyabr bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu ənənənin əsası isə 1995-ci il noyabrın 16-da qoyulub. Qeyd olunan tarixdə UNESCO-ya üzv olan 185 ölkənin təmsilçiləri qurumun 50 illiyi münasibətilə "Tolerantlıq prinsiplərinin izahı" ilə bağlı sənəd imzalayıblar. Beləliklə, həmin vaxtdan etibarən dünya müxtəlif dinlərə və sivilizasiyalara məxsus insanların planetimizdə birgə yaşamasının mümkünlüyünü qeyd edir.

Tolerantlıq çağırışları bu gün dünya üçün çox aktual məsələyə çevrilib. Kubertenin Olimpiya halqalarında simvollaşdırdığı xalqların həmrəyliyi ideyası aradan 100 il ötəndən sonra bütün dünya üçün daha aktual çağırışa çevrilib. Paradoksdur, bəşəriyyət müxtəlif rəngli və müxtəlif inanclı insanların ümumi töhfələri əsasında yüksək inkişaf səviyyəsinə çatdığı halda, XXI əsrdə planetimizin üzləşdiyi qlobal təhdidlərdən biri, məhz irqçiliklə fərqli mədəniyyətlərə və dinlərə dözümsüzlüyün artması ilə bağlıdır. Bu gün Yaxın Şərqdə və Avropada müxtəlif sivilizasiyaların qarşı-qarşıya gəlməsinin insanlığa zidd olan acı fəsadlarına şahidlik etmək dərin təəssüf hissi doğurur. Demokratik dəyərləri ilə öyünən bir sıra ölkələrdə, məhz dərisinin rənginə və fərqli inanclarına görə insanların qətlə yetirilmələri, onların təhsil və digər hüquqlarının müxtəlif qadağalarla məhdudlaşdırılması, xaricdən gələn məqsədyönlü ssenarilər əsasında öz ölkələrində rahat həyatları pozulan miqrantların qarşısına sığınmaq, istədikləri dövlətlərdə keçilməz divarlar hörülməsi, uşaqların, qocaların, qadınların zorla geriyə - müharibənin, od-alovun içinə göndərilməsi bizi bəşəriyyətin gələcəyi barədə daha ciddi düşünməyə sövq edir.

Dünyadakı belə kədərli mənzərə fonunda tolerantlıq çağırışlarının aktuallığı daha da artıb. Xalqları, dinləri, mədəniyyətləri ayıran deyil, birləşdirən cəhətləri təbliğ etməklə, dünyanı yeni qütbləşmələrdən xilas etmək mümkündür.

Cəsarətlə deyə bilərik ki, tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb.

Bunun da nəticəsində, bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra islam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.

Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir "İşiva" Kolleci, üç uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.

Deyilənlərdən də aydın olduğu kimi, dünyaya yüksək tolerantlıq, mədəni müxtəliflik, dini dözümlülük nümayiş etdirməsi ölkəmizin mənzərəsini fərqləndirən əsas cəhətlərdən biridir. Əlamətdar haldır ki, Azərbaycanda tarixi ənənələrlə milli-dini-mədəni müxtəlifliyə münasibətdə cəmiyyətdən gələn sosial sifarişlərlə dövlətin həyata keçirdiyi siyasət bir-birini tamamlayır. Ölkənin ayrı-ayrı regionlarında müxtəlif mədəniyyətlərin daşıyıcısı olan ailələr o qədər qaynayıb-qarışıblar ki, onları fərqləndirmək belə çox çətindir.

Birmənalı şəkildə vurğulanmalıdır ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu Öndər dəfələrlə bəyan etmişdi ki, milli-dini müxtəlifliyə dözümlü yanaşma, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə inkişafının əsas prinsiplərindən birini təşkil edir. Ümummilli Lider Heydər Əliyev böyük dövlət xadimi və praqmatik siyasətçi kimi, Azərbaycan xalqının təhlükəsizlik mühitində inkişafını təmin etmək məqsədilə multikulturalizmin daha güclü əsaslarının yaradılması və onun cəmiyyətin əsas sütunlarından biri kimi qorunması istiqamətində güclü hüquqi bazanın yaradılmasına nail oldu. Belə ki, məhz Ulu Öndərin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. Ümummilli Liderimizin də ifadə etdiyi "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da, bütünlükdə hamısı azərbaycanlıdır" tezisi Azərbaycanın dövlət idarəçiliyində və cəmiyyətdaxili münasibətlərin tənzimlənməsində mayak rolunu oynadı.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Eyni zamanda, respublikamızda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır.

Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə bu məqamlara toxunaraq deyib: "Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli-mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".

Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. 2016-cı ildə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Eyni zamanda, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir... Azərbaycanda pravoslav, katolik, Alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür".

Bunlarla yanaşı, Azərbaycanda həm də islam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər qorunub saxlanılır, genişləndirilir, inkişaf etdirilir. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli-mədəni dəyərlərinin formalaşmasında islam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən islam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib.

Bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, ölkəmizi müsəlman ölkələrinin etibarlı əməkdaşına çevirməkdədir.

Beləliklə, sadalananların fonunda belə bir yekun qənaəti ifadə edə bilərik ki, Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr, xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərisə ayrı-seçkiliyə məruz qoyan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq, özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.

Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə, ölkənin həm daxili potensialı öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də ölkə öz beynəlxalq imicinə müsbət çalarlar əlavə edir. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması isə Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda bu, ölkəmizin dünyada sülh və barışa, mədəniyyətlər arasında dialoqa nə qədər əhəmiyyət verdiyini bir daha nümayiş etdirir. İnanırıq ki, Bakıdan dünyaya verilən bu mesaj lazımi şəkildə qiymətləndiriləcək.

Digər xəbərlər