PDF Oxu

Sosial

  • 105

İstiqlal Muzeyində Birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd olunacaq

İstiqlal Muzeyində Birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd olunacaq

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. 1926-cı il fevralın 15-dən martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və başqa məsələlər ətraflı şəkildə türkoloji baxışın tərkib hissələri kimi müzakirəyə çıxarılıb. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında əhəmiyyətli rol oynayan bir sıra qərarlar qəbul olunub. Onların sırasında latın əlifbasına keçidlə bağlı qərar xüsusi əhəmiyyət kəsb edib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi katibi Qazızadə Nigar, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Təhsil Nazirliyinin "Dərslik və nəşriyyat" şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının əməkdar müəllimi Əsgər Quliyev, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov və digər qonaqlar çıxış edəcəklər.

Tədbirdə Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin filologiya kafedrasının tələbələri iştirak edəcəklər.

ZÜMRÜD

Digər xəbərlər