PDF Oxu

Sosial

  • 133

Beynəlxalq birlik Ermənistanı sülhə məcbur etməlidir

Beynəlxalq birlik Ermənistanı sülhə məcbur etməlidir

Elşad Mirbəşiroğlu: "Heç bir halda Ermənistan Azərbaycanın hərbi gücü qarşısında tab gətirməyəcək "

Cəbhədə dördgünlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində parlaq qələbə qazanaraq, bir neçə yüksəkliyi və yaşayış məskənini azad etməsi, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini hərəkətə gətirib. Xüsusilə də, Rusiya proseslərə ciddi müdaxilərlər etmək kursu seçməklə, təşəbbüsü ələ almağa çalışır. Daha doğrusu, Rusiya münaqişənin dondurulmuş formada saxlanılması üçün cəhdlər göstərir. Bununla yanaşı, problemin həll olunması üçün təkliflərlə də çıxış edir. Bu günlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı da əsas müzakirə mövzusu münaqişənin sülh yolu ilə həllində güzəştlərin tətbiq edilməsi zərurətini Sarkisyan rejiminə başa salmaq olub. Amma bəzi KİV-lərdə yayılan məlumatlara görə, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan işğal altında olan torpaqların boşaldılmayacağı barədə fikirlər səsləndiriblər. Bu, o deməkdir ki, Ermənistan konstruktiv dialoqdan açıq şəkildə yayınır? Politoloq Elşad Mirbəşiroğlu da bizimlə söhbətində bildirdi ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbi Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi olub: "Bu baxımdan da, münaqişənin tənzimlənməsi prosesində irəliləyişin əldə olunmasının yeganə yolu işğalçı ölkə olan Ermənistana ciddi təzyiqlərin edilməsidir. Çünki əks-təqdirdə, Dağlıq Qarabağ münaqişənin həll olunması real görünmür. Yəni Ermənistana ancaq ciddi təzyiqlərin olacaqı təqdirdə, münaqişənin tənzimlənməsi istiqamətində irəliləyişə nail olmaq olar".

Politoloq ATƏT-in fəaliyyətinin səmərəsizliyindən danışarkən, bildirdi ki, münaqişənin dinc yolla həlli üçün həmsədr ölkələr Ermənistana təzyiqlərin edilməsi istiqamətində təşəbbüslərlə çıxış etmədilər: "Ermənistan etdiyi soyqrımı aktlarına və işğalçılıq hərəkətlərinə görə ciddi şəkildə cəzalandırılmalıdır. Nəzərə alsaq ki, Rusiyanın Ermənistan üzərində kifayət qədər böyük təsir imkanları mövcuddur. Bu baxımdan əgər Rusiya, həqiqətən regionda yenidən müharibənin başlanmasını istəmirsə, Ermənistana təzyiqlər edəcəkdir. Rusiya da açıq şəkildə dərk edir ki, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi istiqamətində dinc vasitələrin təsirli olmayacağı təqdirdə, hərbi yolla torpaqlarını azad edəcəkdir. Aprel ayının 2-5 arası cəbhə bölgəsində baş vermiş hərbi toqquşmalar onu göstərdi ki, Azərbaycan ciddi addımlar atmaqdadır".

E.Mirbəşirin sözlərinə görə, heç bir halda Ermənistan Azərbaycanın hərbi gücü qarşısında tap gətirməyəcək: "Rusiya müharibənin başlanmasında maraqlı deyil. Çalışır ki, Ermənistanı Azərbaycanın həmləsindən qorusun. Ümid edək ki, bu ildə hər şeydən öncə beynəlxalq ictimaiyyət münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgiləyərək, işğalçı ölkə olan Ermənistana qarşı cəza tətbiq edəcəkdir. Təbii ki, beynəlxalq ictimaiyyət burada günahkar tərəfin kim olduğunu çox gözəl bilir. Amma bu reallığı dilə gətirib, demək istəmir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının əsas yolu işğalçı ölkə olan Ermənistana ciddi təzyiqlərin edilməsidir ki, Ermənistan öz yerini bilsin. Əks-halda biz sözügedən problemin sülh yolu ilə tez bir zamanda həll olunacağını gözləməməliyik".

GÜLYANƏ

Digər xəbərlər