Suraxanı rayonu Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların qarşılanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı yanında şuranın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərlərinin, YAP Suraxanı rayon təşkilatının fəallarının və ictimaiyyət nümayəndələrinin, həqiqi hərbi xidməti başa vuraraq ordudan təxris olunan Suraxanı gənclərinin, "Şahin" hərbi idman oyunları üzrə komandaların üzvlərinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarşılanma mərasimini giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi rəisinin müavini Vüsal Həsənov qeyd edib ki, bu meydandan biz dəfələrlə gənclərimizi hərbi xidmətə yola salmışıq və bu gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq Vətənə müqəddəs borcunu verərək, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan gənclərimizi qarşılayırıq: "Əsgərlərimiz aprelin 1-də Ermənistan hərbi qüvvələrinin Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini atəşə tutmasına, hərbi mövqelərimizə zərbələr endirməsinə Silahlı Qüvvələrimiz lazımi cavab verərək, onları geri oturtdular. Azərbaycan Ordusu bu müharibədə bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirməyə müvəffəq oldu. Bu uğur Ulu Öndər Heydər Əliyevin başladığı və Ali Baş Komandan Cənab İlham Əliyevin əzmlə davam etdirdiyi ordu quruculuğu prosesinin ən yüksək mərhələdə olduğunu göstərdi".
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidməti cəbhə bölgəsində, təmas xəttində və ona yaxın ərazilərdə şərəflə başa vuraraq, evə qayıtmış gənclərə xoş gəldin söyləyib və bildirib ki, son günlər Azərbaycan əsgərinin, Azərbaycan oğlunun cəbhədə göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancanına döyüşməsi və şəhidlik zirvəsinə yüksəlməsi dediklərimizin əyani sübutudur: "Aprelin 1-dən başlayaraq qoşunların təmas xəttində ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək, ən ağır zərbəsini vurmuşdur. Bu zəfər mənzərəsini Azərbaycan əsgəri yaratdı, bu qüruru bizlərdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev yaşatdı. Bu qələbə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90-cı illərin ortalarından müəyyən etdiyi uzaqgörən siyasi kursun məntiqi nəticəsidir".
Qarşılanma mərasimində rayon ağsaqqallar şurasının üzvü Müseyib Bağırov, şəhid anası Saray Quliyeva, həqiqi hərbi xidməti başa vurmuş Fərid Əliyev, YAP Suraxanı rayon gənclər birliyinin üzvü İsmayıl Hüseynov, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov çıxış edib. Hərbi xidməti cəbhə bölgəsində, təmas xəttində və ona yaxın ərazilərdə şərəflə başa vuraraq, evə qayıtmış gənclərə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi və digər qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdən sonra Suraxanı rayon icra hakimiyyətinin başçısı hərbi xidmətdən qayıtmış gənclərlə görüşərək, onları maraqlandıran suallara aydınlıq gətirib.
ZÜMRÜD