PDF Oxu

Sosial

  • 118

TABİL QASIM OĞLU HƏSƏNOV (1960-1992)

TABİL QASIM OĞLU HƏSƏNOV (1960-1992)

Unutmaz tarixin böyük günləri,

Dünyaya mərd gəlib, mərd gedənləri.

(S.Vurğun)

Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə düşmən həmlələrini qəhrəmancasına dəf etdiyinə, döyüş zamanı igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Şuşa rayonunun polis əməkdaşı Tabil Qasım oğlu Həsənova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra).

1960-cı ildə Xocalı (keçmiş Əsgəran) rayonunun Kosalar kəndində doğulmuş, 1992-ci il martın 29-da Xankəndidə hücum zamanı həlak olmuşdur. 29 martda Həsənov Tabil Qasım oğlunun ölümündən 24 il keçir. 29 mart 1992-ci il Kosalar camaatının qəlbindən heç vaxt, heç zaman silinməyəcək bir tarixi hadisədir.

Kosalar kəndi dağlar qoynunda Qırxqız dağının ətəyində Xankəndidən təqribən 8 km yuxarıda yerləşir. Həsənov Tabil bu kənddə dünyaya göz açmış, böyüyüb, boya-başa çatmış, boylu-buxunlu bir gənc olmuşdu. Orta təhsilini də bu kənddə almışdı. O, 1977-ci ildə Kosalar kənd orta məktəbini bitirmişdi. 1980-82-ci illərdə hərbi xidmətdə olmuşdu. Hərbi xidməti Boykanurda keçmişdir. Tabil 1989-cu ildə Kosalar özünümüdafiə batalyonunda bölmə komandiri vəzitəsində xidmət etmişdir. 1992-ci ildə Şuşa PPX batalyonunda polis serjantı bölmə komandiri işləmişdir. Kəndimizin müdafıəsi ilə bərabər ətraf Azərbaycan kəndlərinin də müdafiəsində yaxından iştirak etmişdir.

Ermənilər Cəmilli, Meşəli kəndlərinə neçə dəfələrlə hücum etmiş, sakinlərini əsir aparmaq istəmişlər. Lakin bu niyyətləri baş tutmayıb.

Tabil kimi igidlərin qoçaqlığı sayəsində düşmən arzusuna çata bilməyib. Tabil heç vaxt ölümdən qorxmazdı. Ölümün gözünün içinə dik baxardı. Dəfələrlə Xankəndinin 2-3 kilometrliyinə kəşfıyyata gedib, erməni mövqeyini öyrənib qayıtmışdı. Erməni quldurları Kosalar kəndinə dətələrlə hücum etsələr də, başları əzilib geri oturdulmuşdular. Tabil bu döyüşlərin hamısında igidliklə vuruşub, neçə erməni quldurunu məhv edib. Nəyin bahasına olursa-olsun, ermənilərin planı Kosaları almaq idi. Kosalılara məlum olmuşdu ki, 1992-ci il mart ayının 30-da ermənilər Kosalar kəndinə hücum edəcəklər. Lakin bu, baş tutmadı. Kosaların igid və qorxmaz oğulları ilə birlikdə kəndə köməyə gəlmiş könüllülər 29 mart 1992-ci il Çobandaşaşıran postundan Ağqaya deyilən posta hücum etdilər.

Bu postlar arasında ermənilərin 5-6 postu var idi. Bu postları almaq bizim üçün çox vacib idi. Ona görə ki, artıq Xankəndi 4-5 km qalırdı. Bu hücumda Tabil Həsənov misilsiz qəhrəmanlıq göstərdi. O, Milli Ordu döyüşçülərinə bələdçilik edərək, həmişə qabaqda gedirdi. Son nəfəsinə kimi döyüşçüləri irəli səsləyirdi.

Beş postu alıb, altıncı posta daxil olanda Tabilin ağlına gəlməzdi ki, burada sağ erməni qulduru ola bilər, sən demə, bir erməni faşisti burada gizlənibmiş. Onun atdığı güllə Tabilin başından dəydi. Tabil gözlərini əbədi yumdu.

O, bu döyüşdə 12 düşmən məhv etdi, Tabilin dostları onun qanını alıb, postları tamamilə ələ keçirdilər. Tabil kimi bir igidin ölümü Kosalar kəndinin əhalisini qəmə-yasa qərq etdi.

29 mart 1992-ci ildə Tabil Həsənov qəhrəmancasına həlak oldu. 1992-ci ildə ona general Məhəmməd Əsədov adına mükafat verildi. 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

KOSALAR

Qoy sənə səsimi yellər yetirsin,

Oyan, səninləyəm, oyan, Kosalar.

Qeyrətsiz, şərəfsiz düşmən önündə,

Əymə vüqarını, dayan, Kosalar.

Harayla Tabili, hayla Rasimi,

Qeyrət qalasının uçmasın himi,

Ramiz də, Eldar da Muradov kimi,

Oldular yolunda qurban, Kosalar.

Ellərin qəm çəkir qərib diyarda,

Vətənsiz heç nədir dövlət də, var da.

Şəhidlər yurdusan qalmazsan darda,

İnan bu hikmətə, inan, Kosalar.

Ümidvarıq ki, elə bir gün gələcək ki, qüdrətli və rəşadətli, ordumuzun gücü sayəsində, düşmən tapdağı altında olan torpaqlarımız azad ediləcək. Mən ürəkdən, sevinclə deyəcəm, rahat yat, qəhrəman qardaşım Tabil, ruhun şad olsun!

Əhmədov Rahman,

Azərbaycan Jurnalistlar Birliyinin üzvü,

Şuşa şəhər 17 nömrəli ümumi orta məktəbin müəllimi

Digər xəbərlər