Hacı Surxay Məmmədli: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir"
"Azərbaycandakı mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəni çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib". Bu fikirləri "SƏS"ə İçərişəhər Cümə məscidinin dini icmasının sədri, ilahiyyatçı axund Hacı Surxay Məmmədli Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin əhəmiyyətini şərh edərkən qeyd edib: "Azərbaycan Respublikasında hökm sürən etnik və dini tolerantlıq dünyaya bir nümunədir. Ölkəmizdə milli və irqi ayrı-seçkilik yoxdur və heç vaxt olmayıb. Çoxmillətli Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddür".
Hacı Surxay Məmmədli islam dinində tolerantlığa aid bir çox faktorların olduğunu bildirib və qeyd edib ki, tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir: "İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir".
İlahiyyatçı sözügedən mövzu çərçivəsində Azərbaycanın zəngin tarixinin olduğunu xatırladıb: "Tarixə nəzər salsaq görərik ki, dünyada Azərbaycan kimi keçmişini yaşadan çox az ölkə vardır. Dini tolerantlığın yüksək səviyyədə olması, xalqların bir məqsəd naminə birləşməsi, qurulan normal münasibətlərin eyni məqsədə yönəldilməsi tolerantlıqla bağlıdır".
Cümə məscidinin axundu müasir Azərbaycanda bu faktorun daha da möhkəmləndirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin apardığı mütərəqqi siyasətə və bu siyasətin ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini vurğulayıb: "Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətidir. Onun siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət ölkəmizdə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun etibarlı qarantıdır. Cənab Prezidentin rəhbərliyi ilə dini dəyərlərin qorunub-saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, islam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür".
Bununla bağlı əhəmiyyətli tarixi məqamlara toxunan Surxay Məmmədli əlavə edib: "2009-cu ildə Bakının "İslam mədəniyyətinin paytaxtı" elan olunması və 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir. Bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi-mədəni inkişafının göstəricisidir. Azərbaycanı təsadüfi olaraq Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırmırlar".
Bu gün də tolerantlıq və multikulturalizm sahəsində dövlət tərəfindən mühüm addımların atıldığını deyən Hacı Surax Məmmədli qeyd edib ki, tolerant siyasətin bariz nəticəsidir ki, qədim məscidlərin təmir-bərpası ilə yanaşı, ölkəmizdə yeni ibadət mərkəzləri də tikilir: "1997-ci ildə Səbail rayonunda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və 1998-ci il iyulun 12-də özünün iştirakilə açılış mərasimi keçirilmiş Bibiheybət Ziyarətgah məscidi bu gün ölkəmizin ən gözəl dini ibadət yerlərindən biri olmuşdur. Prezident Cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən son illərdə Şamaxıda "Cümə" məscidi, Gəncədə İmamzadə Kompleksi əsaslı təmir olunmuş, Bakı şəhərində əzəmətli Heydər məscidi tikilib dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı digər dini konfessiyaların da ibadət mərkəzləri dövlət tərəfindən əsaslı təmir olunur, icmaların fəaliyyətinə yardım göstərilir".
Surxay Məmmədli işğalçı Ermənistanın təcavüzü nəticəsində dini və tarixi abidələrimizin dağıdılaraq söküldüyünü də xatırladıb: "İllərdən bəri Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycanda separatizm, terror və ksenofobiya halları qətiyyətlə pislənilir. Ölkəmizdə keçirilən bütün tədbirlərdə qeyd olunub ki, Azərbaycanda mültikulturalizm ənənələri hər zaman güclü olub. Mənfur ermənilərin işğal etdikləri torpaqlarımızda yerləşən yaşayış mərkəzləri kimi mədəni və dini abidələrimizi dağıtmaları, bərbad hala salmaları faktları hamıya məlumdur. Lakin buna baxmayaraq, Bakı şəhərinin mərkəzində erməni kilsəsi tarixi abidə kimi qorunub saxlanmışdır. Bu da xalqımızın və dövlətimizin tolerant siyasətinin bir göstəricisidir".
Surxay Məmmədli vurğulayıb ki, Azərbaycanda Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision"nun, I Avropa Oyunlarının böyük uğurla keçirilməsi sübut etdi ki, mültikulturalizmin alternativi yoxdur. 17-18-19 iyunda ölkəmizdə keçiriləcək "Formula-1" yarışması, gələn il keçiriləcək Dönya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları Şərq dəyətlərinə əsaslanan müsəlman aləminə qarşı yönəldilən fobiyaların əsassızlığını Azərbaycanın timsalında aydın göstərəcəkdir. Bunu Azərbaycana gələn çoxsaylı xarici nümayəndələr və turistlər təsdiq edirlər. Sonda məqaləni Prezident Cənab İlham Əliyevin multikulturalizm haqqında dedikləri ilə tamamlamaq istəyirəm: "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir..."
Rövşən NURƏDDİNOĞLU