PDF Oxu

Sosial

  • 97

Azərbaycan Ermənistanın istənilən təxribatına cavab verə bilər

Azərbaycan Ermənistanın istənilən təxribatına cavab verə bilər

Arzu Nağıyev: "Əsas məqsəd isə qondarma qurumu tərəf kimi danışıqlarda görmək istəyidir"

Asim Mollazadə: "Sarkisyanın bu fikirləri yenə də bir məsələni təsdiq edir ki, Ermənistan sülh istəmir"

Dağlıq Qarabağ ətrafında müharibənin baş verməsinə əsas ola biləcək situasiya yaranıb. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan "Bloomberg"ə müsahibəsində Qarabağ danışıqlarını lüzumsuz sayıb. O, bununla bir daha sübut etdi ki, Ermənistan tərəfi qətiyyən sülhün tərəfdarı deyil və heç vaxt ədalətli mövqe sərgiləyə bilməyəcəkdir. Belə olan halda düşmənin təmas xəttində törətdiyi təxribatları da Azərbaycanı yeni müharibə məcburiyyətində qoyur. Rəsmi Moskva isə vəziyyətdən çıxış yolu üçün yeni "mexanizmlər" fikirləşir, hazırkı durumu "kövrək" hesab edir. Artıq aprelin 26-da gecə saatlarında erməni hərbi birləşmələri cəbhə xəttində atəşkəsi yenidən pozur. Onlar iriçaplı silahlardan cəbhəyanı bölgələri atəşə tutdular. Məğlub durumda olan Ermənistanın hesablanmamış, ağılsız qərarları, eləcə də cəbhəyanı bölgələrdə atəşkəsin yenidən iriçaplı silahlardan açılan atəş nəticəsində pozulması nə vəd edir? Bununla bağlı "SƏS" qəzetinə danışan politoloq Arzu Nağıyev bildirib ki, Rusiya xarici işlər nazirinin Ermənistana səfəri ərəfəsində verilən proqnozlar öz təsdiqini tapmaqdadır: "Bir daha məlum oldu ki, münaqişənin həlli ilə bağlı Rusiyadan heç bir konkret fikir yoxdur və müəyyən təkliflər paketi var. Eyni zamanda, bu, bir daha Rusiyanın regionda nüfuzunun artırılması üçün edilirdi və düşünürəm ki, bu da əksinə alındı. Məlumdur ki, Ermənistan xarici işlər naziri Eduard Nalbandyan Kazan prinsipləri haqqında danışanda da, Rusiyanı ön plana çəkməyə çalışırdı. Lavrov və Sarkisyanın görüşündə Ermənistan prezidentinin qoyduğu müəmmalı suallara da Lavrov konkret cavab vermədi və məhz 2-5 aprel əməliyyatının niyə baş verdiyini açıqlamadı. Əsas məqamlardan biri isə süni surətdə təşkil edilən və Sarkisyanın hakimiyyətinin saxlanmasına hesablanan anti-Rusiya mitinqləri idi. Bu da münaqişənin həllində status-kvonun saxlanması üçün atılan addımlardır. Təsəvvürə gətirilə bilməz ki, Rusiyanın xarici işlər nazirinin səfəri vaxtı belə tədbirlər keçirilsin".

A.Nağıyev onu da qeyd edib ki, qondarma qurumun "rəhbəri" Bako Saakyanın çıxışları da nəzəri cəlb edir: "İndiyə qədər məğlubiyyət üçün cavab verməli olanlar artıq baş qaldırıblar. Bu da Lavrovun səfərindən sonra baş verir və 1994-1995-ci il vəziyyətini gündəmə gətirmək üçün edilir. Əsas məqsəd isə qondarma qurumu tərəf kimi danışıqlarda görmək istəyidir və təbii ki, Azərbaycan tərəfi bunu qəbul etməyəcək. Yenə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sülhlə bağlı verdiyi bəyanatların təkrar edilməsi Lavrovun Yerevana "əlidolu" deyil, məhz əliboş getməsindən xəbər verir. İctimaiyyət üçün "5 rayon" və ya "əlavə 2 rayon", kimi fikirləri bildirməklə, bir daha qeyd edirəm ki, Rusiya bölgədə öz nüfuzunu artırmağa çalışır. Lakin bu kimi siyasi gedişlərin heç bir effekt vermədiyi artıq məlumdur. Buna görə də düşünürəm ki, münaqişənin həlli üçün Azərbaycanın, məhz güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək, torpaqlarımızı azad etmək, suverenlik və ərazi bütövlüyü çərçivəsində hər iki tərəfdən milli müqəddəratın həll edilməsi variantı ən mükəmməl addımdır".

Məsələyə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, Sarkisyanın bu fikirləri yenə də bir məsələni təsdiq edir ki, Ermənistan sülh istəmir: "Ermənistan öz təcavüzkar siyasətini davam etdirmək istəyir. Hazırda Ermənistanın bütün istəkləri status-kvonu və Azərbaycanın işğal olunmuş ərazilərini öz nəzarətində saxlamaqdır. Sarkisyanın belə bəyanatlarına, siyasətinə yaxşı olardı ki, beynəlxalq ictimaiyyət, beynəlxaql təşkilatlar, ATƏT-in Minsk Qrupu qiymət versin. Minsk Qrupu təcavüzkarın siyasətini qınayan bəyanatlar vermir. Ermənistan görür ki, onlara qarşı nə sanksiyalar, nə təzyiqlər var və təbii olaraq da Sarkisyan belə açıqlamalarında "öz siyasətimizi, təcavüzümüzü davam etdirəcəyik, Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmayacağıq" fikirlərini səsləndirir. Bu sözlərə biz beynəlxalq təşkilatlardan, ilk növbədə ATƏT və BMT-dən müvafiq qərarlar və müvafiq reaksiyalar gözləyirik".

A.Mollazadə onu da əlavə edib ki, Azərbaycan sülh istəyir və sülh danışıqlarının nəticə verməsini istəyir: "Azərbaycan böyük səbrlə beynəlxalq təşkilatlardan, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlardan dəstək istəyir. Bilirik ki, Azərbaycan Ermənistanın istənilən təxribatına cavab verə bilər.

Samir

Digər xəbərlər