"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".
Heydər Əliyev
Mədəniyyət cəmiyyətlərdə mümkün davranış imkanlarının sərhədlərini məhdudlaşdıran dəyərlər, inanclar və qaydalar sisteminin cəmidir. Yer kürəsində müxtəlif xalqlar yaşadığından müxtəlif mədəniyyətlər mövcuddur. Ümumibəşəri dəyərlər, qaydalar əsasında formalaşan mədəniyyət bəşəri mədəniyyətin əsasını təşkil edir və zaman keçdikcə zənginləşərək təkmilləşir.Bu zənginləşmənin səbəbi həm təbii, həm də süni ola bilər. Multikulturalizm fenomeni bu zənginləşməyə yeni töhfədir.
Ümumbəşəri mədəniyyətin yaranmasında təhsilin rolu danılmazdır. UNESCO-nun təhsillə bağlı son konsepsiyasında təhsilin qarşısında aşağıdakı vəzifələr qoyulur:
a) bilməni öyrətmək;
b) icad etməni öyrətmək;
c) yaşama mədəniyyətini öyrətmək;
d) birgəyaşamanı öyrətmək.
Göründüyü kimi, birgəyaşama mədəniyyətini öyrətmək təhsilin qarşısında duran əsas vəzifələrdən biri olub, multikulturalizmin açar elementlərindən biridir.
Təbiəti və cəmiyyəti idarə edən qanunları adətən, iki yerə bölmək olar: fundamental və humanitar qanunlar. Fundamental qanunlar zamana və məkana görə dəyişməz, humanitar qanunlar isə dəyişə bilən olurlar. Ancaq müşahidələr göstərir ki, çox inkişaf etmiş ölkələrin qanunları getdikcə stabilləşir, fundamentallaşırlar. İnkişaf etməkdə olan və geri qalan dövlətlərdə qanunlar subyektdən asılıdır və dəyişə bilən olurlar. Bu səbəbdən də qanunları fundamentləşən ölkələrdə inkişaf sıçrayışla yox, təkamüllə baş verir. Üçüncü dünya dövlətlərində inkişaf çox vaxt radikal yolla baş verir.İnkişaf etməkdə olan dövlətlərdə hər iki yol mümkündür. Misal üçün, Fransada, Danimarkada dövlət çevrilişi mümkün olmadığı halda, Ukraynada və Türkmənstanda belə hadisə mümkündür.
İslam dünyasında multikultralizm
İnanclar da mədəniyyətə güclü təsir edən faktordur. İslamın yayılmağa başladığı ilk dövrlərdə digər dini dəyərlər islam mədəniyyəti içərisində əriyirdi və sürətlə yayılırdı. Çünki Allah kəlamı olan "Quran" ayələri fundamental idi, dəyişməz idi və onlara ciddi riayət olunurdu. Tarixin yaddaşında çoxlu hadisələr, misallar qalıbdır. Onlardan bir neçəsini yada salaq.
Unikal mədəniyyət hadisəsi. Həzrət Ömər gənc olanda bir dostu ilə İrana ticarətə gedir. Gecə onların dəvələrini oğurlayırlar. Ömər və yoldaşı padşaha şikayət edirlər. Axşama kimi onların dəvələrini tapıb qaytarırlar. Ömər və dostu şəhəri tərk edəndə, çıxış qapısında iki gəncin asıldığını görürlər və səbəbini soruşurlar. Deyirlər ki, onlar şəhərin iki müsafirinin dəvələrini oğurladıqlarına görə şah onları dar ağacından asdırıb. Baxmayaraq ki, onların hər ikisi şahın qohumudur.
Təqribən 30 ildən sonra Ömər xəlifə seçiləndə köhnə dostunu Şam şəhərinə başçı təyin edir. Başçı Şam şəhərində bir məscid tikmək istəyir və yer seçir. Ancaq müəyyənləşdirilmiş əraziyə bitişik torpağın xristian sahibi onu satmaqdan imtina edir. Torpaq sahibinə iki qat, beş qat artıq pul təklif etsələr də, ancaq o, yenə də satmır. Başçı əmr edir ki, on qat pulunu ödəyin və torpağı boşaldın. Torpaq sahibi narazılıq edir və xəlifə Ömərə şikayətə gedir. Dərdini xəlfəyə danışandan sonra, Xəlifə Şamın başçısına məktub yazıb, şikayətçiyə verir. Şikayətçi məktubu başçıya verir. Başçı kağızı oxuyandan sonra özündən gedir. Özünə gələndə deyir, get torpağına sahib ol, heç kəs səni narahat etməz. Şikayətçi getmir, qərarın dəyişmə səbəbini bilmək istəyir: "məni başa sal görüm, xəlifə kağızda nə yazıb?" Başçı deyir ki, kağızda yazılıb ki,"Allaha and olsun ki, mənim ədalətim Ənuşrəvanın ədalətindən əksik deyil." Şikayətçi "anlamadım", deyir. Başçı 30 il öncə İranda başlarına gələn əhvalatı danışır. Xristian ərizəçi bu ədalətə heyran olur və deyir: mən torpağımı satmıram, xəlifə Ömərə hədiyyə edirəm. Özüm də xristianlığı buraxıb, ədalətli islamı qəbul edirəm. Unikal mədəniyyət hadisəsi baş verir və bir xristian könüllü olaraq islamı qəbul edir.
"Sultanımı Allah qorusun" duası. Türkiyə sultanı bir xristian memara məscid tikmək sifarişi verir və vaxtı müəyyənləşdirirlər. Vaxt çatanda Sultan tikinti yerinə gəlir və görür ki, heç işin yarısı yerinə yetrilməyib. Sultan memarı sərt cəzalandırır və əmr edir ki, bir qolu kəsilsin. Bir müddətdən sonra memar sultanı məhkəməyə verir. Məhkəmə zamanı sultan məhkəməyə gəlir. Məhkəmədə memara dəymiş zərərlər müqabilində ona müxtəlf maddi təminatlar təklif edilir, ancaq memar qəbul etmir və şikayətini geri götürmür. Məhkəmə başqa həll tapmır və "Sultanın da qolu vurulsun" qərarın qəbul edir. Bu sözü eşidən memar ədalətə heyran olur və məhkəmənin ayağına düşür ki, qərarı dəyişsin. Dövləti ədalətlə idarə edən sultanın dırnağı mənim qolumdan qiymətlidir. Mən ərizəmi geri götürürəm və islamı qəbul edirəm və "Sultanımı Allah qorusun" duasını edirəm.
Bu iki misaldan görünür ki, müsəlman cəmiyyətlərində ədalət mədəniyyətdən yuxarıda dururmuş. İndi islam ölkələrinin bəzilərində ədalət o qədər nazilib ki, insanlar köç edirlər.
Sinqapurun qurucusu Li Kuan Yuya görə: əgər düzgün idarə etməsəniz, bütün ağıllı adamlar ölkədən gedəcəklər. Qeyd etmək lazımdır ki, qaçqınlığın ilk qaranquşları intellektual insanlar (alimlər, ziyalılar ) olurlar, sonra isə kütlə qaçır.
Avropanı bürüyən qaçqın seli qeyri-düzgün (ədalətsiz) idarəetmənin nəticəsidir. İnsanlar qeyri-düzgün idarəetmədən, düzgün idarəetməyə tərəf qaçırlar.
Qaçqın selinin fəlsəfəsi
İdarəetmə baxımından bütün toplumlar iki yerə: idarəedənlərə və idarəolunanlara bölünürlər. İdarəedənlər, idarəolunanlardan fərqli keyfiyyətə malik olmalıdırlar. İdarəedənlər şəxsi yox, ümumi mənafe daşıyıcıları olanda, qaçqınlıq problemi yaranmır. Bəs şəxsi mənafe daşıyıcılarını ictimai mənafe daşıyıcılarından necə ayırd etmək olar?
Araşdırmalar göstərir ki, Qərbdə bu məqsədlə demokratiya filtrindən (süzgəcindən) istifadə edirlər. Bəzi filosoflar hesab edirlər ki, yalançılıq və zorakılıq mühitində demokratiya filtri işləmir.
Şəxsi mənafe daşıyıcılarını ictimai mənafe daşıyıcılarından seçmək üçün kamillik əmsalı K-dan istifadə etmək olar. Bu əmsal haqqında "Kamilləşən Düşüncə"də (Bakı, 2013) geniş yazılıb və göstərilib ki, bu əmsal nailiyyətin, nailiyyət qıtlığına olan nisbətini göstərir.
BMT təsnifatına görə dünya dövlətləri üç qrupa bölünürlər: a) inkişaf etmiş ölkələr; b) inkişaf etməkdə olan ölkələr və c) geri qalmış ölkələr. Bu qrup dövlətlərdə düşüncə tərzi və mədəniyyətlər xeyli müxtəlifdir.
Bəşəriyyət inkişaf etdikcə, kamillik əmsalı K artır. Bu nisbətin qiyməti 0 ilə ? (sonsuzluq) arasında dəyişir. K əmsalı geri qalmış dövlətlər üçün 0 ilə 2 arasında, inkişaf etməkdə olan dövlətlər üçün 2 ilə 5 arasında, inkişaf etmiş dövlətlər üçün isə 5 ilə ? arasında dəyişir. K artdıqca, toplumda ictimai mənafe daşıyıcıların sayı artır. Azərbaycan üçün K=3-dür. Bu, o deməkdir ki, əhalimizin 75%-i ictimai, 25%-i isə şəxsi mənafe daşıyıcılarıdır. Bu qiymət RF üşün olan qiymətə təqribən bərabərdir. Çağdaş dövrümüzdə ən yüksək K-ya Norveç nail olub.Onun üçün K=15-dir. ABŞ üçün K-nın qiyməti 10 bərabərdir. K-nın yüksək qiymətlərində düşüncə saflaşır, kamilləşir, şəxsi mənafe az rol oynayır, qanunlar fundamentləşir. Dövlət tam qanunlarla idarə olunur.
Bu deyilənlərin işığında qaçqınlar probleminə baxaq. Bu problem qrupdaxili problem deyil, qruplar arası problemdir. Qaçqınlıq yumşaq subyektiv qanunlarla idarə edilən dövlətlərdən obyektiv (bərk) qanunlarla idarə olunan dövlətlərə doğru hərəkətdir. Kamillik əmsalı az olan dövlətdən, kamillik əmsalı çox olan dövlətə tərəf getməkdir.
Vahid zaman kəsiyində bir dövlətdən digərinə keçən qaçqınların sayı kamillik faktorunun fərqi (K2 - K1 ) ilə düz mütənasibdir.Bu prosses özünüqoruma instinktinin nəticəsidir. İnsanlar özünü yaşatmaq niyyəti ilə ikinci və üçüncü dünya ölkələrindən birinci dünya ölkələrinə (Fransa, Almaniya, İsveçrə) və ya ikinci dünya ölkələrinə (Türkiyə, Azərbaycan) köç edirlər.
Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə "İmamzadə" Dini Kompleksində etdiyi çıxışda bu problemlə bağlı fikirlərini belə ifadə etmişdir: "Son illər dünyada, xüsusilə Yaxın Şərqdə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır".
Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən Prezident İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırdı.
Dövlər başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyillərin artması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.
Bizim bir çox şəhər, qəsəbə və kəndlərində müxtəlif inanclar, mədəniyyətlər yan-yana rahat yaşayır. Bu ənənəyə əsaslanaraq 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilmişdir və Azərbaycanın multikulturalizm modeli dünyada öyrənilir.
Şahlar Əsgərov,
YAP Siyasi Şurasının üzvü