Dünən Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Evində keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub: "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Hadisədən artıq 30 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər".
Daha sonra çıxış edən Çernobıl Əlilləri İctimai Birliyinin sədri Mahir Kazımov qeyd etdi ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artırılıb.
Çıxış edən Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Elxan Hüseynov qeyd etdi ki, Şəmkir rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar müxtəlif dərəcəli əlildirlər və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicə ilə təmin olunurlar.
Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının Sərəncamı ilə, mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün ölkəmizdə əlillərin həyat tərzi yaxşılaşdırılmış və onlar üçün hər cür şərait yaradılmışdır.
Çernobılçılar adından çıxış edən Çernobıl qəzanın aradan qaldırılmasının iştirakçısı olmuş Şəmkir şəhər sakin İsaq Quliyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rəfiqə Kamalqızı