Məlumdur ki, hər bir xalqın və dövlətin inkişafı, sosial tərəqqisi onun hərtərəfli iqtisadi təhlükəsizliyini təmin edən və inkişaf meyarlarının konturlarını əks etdirən milli konsepsiyasının hazırlanması ilə sıx əlaqədardır. Eyni zamanda, müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren respublikanın dövlətçilik institutlarını yaratmaq, güclü dövlət siyasətini hazırlamaqla onu həyata keçirmək milli liderin olmasını tələb edir. Azərbaycan Respublikası da dövlət müstəqilliyini yenicə bərpa etdiyi vaxt onun qarşısında yeni formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi, hüquqi qanunauyğunluqları dayanırdı və bu tarixi missiyanın gerçəyə çevrilməsi milli lider faktorunun fonunda tam mümkün ola bilərdi. Azərbaycanın hazırkı inkişaf və tərəqqi zirvəsinə çatmasının təməlində də məhz Ümummilli Lider Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasını dayanır.
Şübhəsiz ki, yüksək inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan bu tarixi mərhələyə qısa zaman kəsiyində və asan yolla çatmayıb. Respublikamız bu intibah erasına düşünülmüş mükəmməl iqtisadi doktrinanı hazırlayıb həyata keçirilməklə nail olub. Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olub. Respublikamızın uzunmüddətli inkişaf strategiyası ölkənin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanıb. Zaman bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü, Azərbaycanın hərtərəfli tərəqqisini təmin etdiyini konkret nəticələr əsasında təsdiqləyib.
1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi. Beləliklə, iqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələri ilə sıx inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, yeni iqtisadi münasibətlərin fəlsəfi-hüquqi-iqtisadi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın inkişafını sürətləndirdi. Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət-idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Həmin dövrdə "Sahibkarlıq haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Maliyyə sənaye qrupları haqqında" qanunların qəbul edilməsi, eyni zamanda Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər azad bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına təkan verib, maliyyə, pul-kredit, büdcə, vergi, gömrük sahəsində dövlət siyasətinin səmərəliliyini artırıb. İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndərin ən çox diqqət yetirdiyi məsələ bu islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olub.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox Fərman və Sərəncam imzalanıb, 30-a yaxın Dövlət Proqramı təsdiq edilib. Bu qanunların, normativ-hüquqi sənədlərin başlıca məqsədi müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsindən, bazar iqtisadiyyatının formalaşdırılmasından, dövlət idarəetməsinin təkmilləşdirilməsindən, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin edilməsindən ibarətdir. Ölkəmizin hərtərəfli inkişafına mühüm təsir göstərən amillərdən biri azad biznesin, əlverişli investisiya mühitinin və milli-sahibkarlıq sinfinin formalaşdırılması olub. 1995-ci ildən başlayaraq dövlətin tabeçiliyində olan torpaq mülkiyyətinin kəndlilərə verilməsi, dövlətə məxsus mühüm strateji obyektlərin, əmlakın özəlləşdirilməsi ilə liberal bazar iqtisadiyyatının formalaşması başlanmış və milli-sahibkarlıq institutunun əsasları qoyulub. Nəticədə, iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verib, azad biznesin iqtisadiyyatda rolu artıb. Ulu Öndərin yürütdüyü siyasət, ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati-idarəetmə strukturlarının təkmilləşdirilməsi kimi mühüm həlqələri əhatə etməklə bu iqtisadi strategiyanın uğurla həyata keçirilməsinə güclü təkan vermiş oldu. Bu siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin sayının gündən - günə artmasında göstərdi. Ulu Öndər gələcək iqtisadi inkişafın, məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişaf strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılıb. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşıb. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində də dövlət səviyyəsində müəyyən addımlar atılıb. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılıb. 2002-ci il sahibkarlığın inkişafı sahəsində Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olub.
Dövlət idarəetməsinin gözəl bilicisi Heydər Əliyev iqtisadi islahatların, dövlət əmlakının özəlləşdirilməsinin zəruri və qaçılmaz olduğunu, bu yolda qarşıya çıxa biləcək çətinlikləri aydın görürdü. Ulu Öndərin rəhbərliyi ilə dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılıb və müvafiq dövlət proqramları təsdiq edilib. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edib. Bütün görülən bu işlərin nəticəsi olaraq 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı və müsbət nəticələr əldə olundu. Məsələn, 1995-2003-cü illər ərzində bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Ulu Öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyev respublikamızın davamlı inkişafını sürətləndirən kompleks islahatlar həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatının strukturundakı keyfiyyət dəyişikliyini, sosial islahatların modernizasiyasını təmin edən konsepsiya isə, məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi modelin məntiqi nəticəsidir. Ulu Öndərin inkişaf doktrinasının dayaqları üzərində yeni dövrün meyarları fonunda inkişaf edən milli-iqtisadi model modernizasiyanın çoxseqmentli trendlərinə söykənir. Prezident İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun yeni konturlarını müəyyən etdi və reformaların miqyasının daha da genişlənməsinə təkan verən prinsipial addımlar atdı. Bu siyasət ölkə iqtisadiyyatında liberalizmin dərinləşməsinə impuls verməklə bərabər, sosioekonomik inkişafın və demokratik cəmiyyətin möhkəmliyini təmin etdi, eyni zamanda, azad biznes və maliyyə-kredit institutlarının statusunu gücləndirdi.
Hazırda neft sektoru qeyri-neft sektorunun inkişafında altbaza kimi təkanverici faktor qismində çıxış edir, uzunmüddətli intibah və inkişaf fazası üçün imkanlar açır. Bu iqtisadi dialektika, ümumilikdə, ölkə iqtisadiyyatının çoxvektorlu inkişafı üçün fundamental sütun deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir.
Davamlı və dinamik inkişafa əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində, qazanılmış uğurlar daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Hazırda bu istiqamətdə dövlət tərəfindən aparılan siyasət uğurla davam etdirilir.
Tünzalə İsmayılova,
İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir