PDF Oxu

Sosial

  • 95

Səbail rayonunun ictimaiyyət nümayəndələri Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər

Səbail rayonunun ictimaiyyət nümayəndələri Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər

YAP Səbail rayon təşkilatı və Səbail rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub. Ziyarətdə YAP Səbail rayon təşkilatının, Səbail rayon icra hakimiyyətinin, YAP Gənclər Birliyi ofisinin aparat işçiləri və rayonda fəaliyyət göstərən müəssisə və təşkilat nümayəndələri, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranları, partiya fəaliyyətində yaxından iştirak edən fəal gənclər daxil olmaqla, ümumilikdə 45 nəfər partiya fəalı iştirak edib.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı ziyarətçilərə 31 mart - azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verilib və ziyarətçilər erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi sənədlər və foto-şəkillərlə tanış olmaq imkanı əldə ediblər. Məlum olduğu kimi, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-ində bu ərazilərdə torpaq işləri aparılarkən aşkar edilibdir. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Ziyarətçilərin diqqətinə çatdırılıb ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və kompleksin 2013-cü il sentyabrın 18-də açılışı olubdur.

Komplekslə, orada nümayiş olunan şəkillər, xəritələr, tarixi faktlar və sənədlərlə yaxından tanış olduqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Memorial Kompleksə ziyarətdən sonra partiya fəalları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini, Dahi Öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və Onun əvəzolunmaz xidmətlərinin təbliği və gənc nəsillərə çatdırılması üçün inşa olunmuş Heydər Əliyev Mərkəzini və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Səfərdə iştirak edənlər YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevə və Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizova bu cür gözəl tur təşkil etdiklərinə görə minnətdarlıqlarını bildirdilər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər